Taliban Fərah vilayətinə yenidən hücum etdi
Əfqanıstanda Taliban terror qruplaşmasının üzvləri ölkənin qərbindəki Fərah vilayətinin mərkəzinə ikinci dəfə hücum təşkil edib. Maide.Az «Dünya Bülleteni»-nə istinadən xəbər verir ki, polis uniformasında olan Taliban terrorçuları dünən gecə saatlarında Fərah vilayət mərkəzinə təkrar ağır silahlarla hücuma keçib. Terrorçuların, xüsusilə Fərah Polis İdarəsi və mərkəzi həbsxana binalarını hədəf aldığı , bölgədən güclü partlayış səslərinin eşidildiyi bildirilir. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən toqquşmanın davam etdiyi qeyd edilib. Vilayət mərkəzində dərslər dayandırıldı Təhsil Nazirliyi, Fərah vilayətindəki toqquşmalar üzündən rayon mərkəzindəki məktəblərdə təhsilə ara verildiyini bildirdi. Qeyd edək ki, Taliban terrorçularının 12 may tarixində Fərah vilayətinin mərkəzinə dörd tərəfdən etdiyi hücumda 30 nəfər dünyasını dəyişmişdi. Vilayət mərkəzinin bir hissəsini ələ keçirən Talibana qarşı başladılan əməliyyatda 200 terrorçu məhv edilmişdi.