Maide.az

İsveçrədə tibbi dronlar şəbəkəsi işə salınacaq

Dronlardan ibarət şəbəkə ən müxtəlif vəziyyətlərdə köməyə gələ bilər. Həm də söhbət yalnız məşhur internet mağazalarında satın alınmış əşyaların deyil, daha vacib məhsulların çatdırılmasından gedir. Məsələn, insan həyatının xilas edilməsi, lazımi dərman, donor qanı və orqanların onlara kəskin ehtiyac olan yerlərə çatdırılması kimi. Bundan ötrü “Matternet” şirkəti vahid “bulud” sisteminə qoşulmuş tibbi dronlardan ibarət şəxsi şəbəkəsini yaratmağı planlaşdırır.   Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, artıq 2017-ci ilin sonuna sözügedən şirkət İsveçrə şəhərlərində rayon xəstəxanaları, laboratoriya və travma mərkəzlərini bir-birilə əlaqələndirəcək kiçik şəbəkəni işə salmağı planlaşdırır.   İstehsalçıların məlumatına görə, yükün alınması və çatdırılması prosesi tamamilə avtomatlaşdırılacaq, buna görə xəstəxanalarda pilotsuz uçuş aparatlarına xidmət göstərən mütəxəssislər ştatına ehtiyac olmayacaq. Məsələn, həkim nümunələri analizə göndərmək üçün sadəcə onları xüsusi konteynerə yerləşdirməli və smartfon üçün proqramın köməyi ilə dron çağırmalı olacaq. Dron bağlamanı götürəcək, onu ünvanına çatdıracaq və bu barədə bağlamanı alan şəxsə öncədən xəbərdarlıq edəcək. /