Maide.az

ÜST: ‘Dünyada gənclərin 80 faizdən çoxu kifayət qədər hərəkət etmir’

Bütün dünyada gənclər yetərincə idman etmədiklərindən sağlamlarına təhlükə yaradırlar. Hər 5 gəncdən dördü gündə bir saatdan az fiziki fəaliyyətlə məşğul olur.   Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 22-də yeni hesabat açıqlayıb. Hesabatda deyilir ki, gənclər piylənmə və ürək-damar xəstəlikləri riskini azaltmaqdan ötrü daha fəal həyat tərzi keçirməlidirlər.   “Hər 5 yeniyetmədən dördü daimi fiziki fəaliyyətin həzzini yaşamır, bundan sosial, fiziki və zehni baxımdan faydalanmır”, – hesabatın müəlliflərindən olan Fiona Bull deyib.   Araşdırma 146 ölkədə 1,6 milyon nəfərlə bağlı data əsasında hazırlanıb.   Hesabat üzə çıxarıb ki, 11-17 yaşlı yeniyetmələrin 80 faizindən çoxu gündə azı bir saatlıq fiziki fəaliyyətlə bağlı ÜST-nin tövsiyəsinə əməl etmir.   “Əldə etdiyimiz elektron inqilab yeniyetmələrin hərəkət modelini dəyişib və onları daha çox oturmağa həvəsləndirir”, – ÜST-nin həyat tərzi xəstəlikləri üzrə eksperti Leanne Riley Cenevrədə jurnalistlərə deyib. /azadliq.org