Maide.az

İsrail rejim qüvvələri dünən Qəzzada keçirilmiş nümayişi gülləbaran edib, yaralılar var

Dünən Qəzzada baş tutmuş 49-cu Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc nümayişçiləri atəşə tutmağa davam edib. Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, yürüşdə 17 nəfər yaralanıb, onlarla insan qaz qumbaralarının təsirinə məruz qalıb. Nazirliyin bildirdiyinə görə, yaralılar arasında bir jurnalist və üç tibb işçisi var. Onlar qaz qumbaralarına məruz qalıblar. Bildirək ki, yürüşdə yüzlərlə Qəzza sakini iştirak edib. Yürüşün təşkilat komitəsinin bildirdiyinə görə, Qəzza sakinləri ötən ay əl-Əqsa məscidində Bab əl-Rəhmət qapısının açılmasını da qeyd ediblər. HƏMAS-ın mətbuat katibi Həzim Qasimin sözlərinə görə, Böyük Qayıdış yürüşlərinin ildönümü yaxınlaşdığı üçün Qəzzada yaşayan fələstinlilər 13 illik blokadanı qırmaqda daha qətiyyətlidirlər. Qeyd edək ki, ötən il martın 30-dan etibarən başlamış Böyük Qayıdış yürüşlərində indiyədək 260-a yaxın insan İsrail ordu qüvvələri tərəfindən qətlə yetirilib, 27 min nəfərə yaxın insan yaralanıb. Onların 500 nəfərinin vəziyyəti ağırdır.