İsrail ordusunun qırıcı təyyarələri bu gecə də Qəzza zolağını bombalayıb
Sionist rejim ordusunun qırıcı təyyarələri bu gecə də Qəzza zolağını bombalayıb. Maide.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, işğalçı rejim ordusu öz məlumatında iddia edib ki, Qəzza zolağına hava hücumu zamanı HƏMAS-a aid bir tuneli vurub. Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından Fələstinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib. HƏMAS isə yazılı açıqlama yayaraq Qəzza zolağına son günlər edilən hava hücumlarına görə işğalçı İsrail rejiminin məsuliyyət daşıdığını açıqlayıb. İslami Cihad Hərəkatının da verdiyi yazılı açıqlamada İsrailin Qəzzaya etdiyi hücumlara görə məsuliyyə daşıdığı vurğulanıb. "Fələstin xalqına hücumlarının məsuliyyəti işğalçılar daşıyır. Bu artan terror qarşısıalınmaz müqavimətlə üzləşəcək. Bütün bunlar İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşması ilə bağlı atdıqları addımla bir vaxtda baş verir. İsrailin bu normallaşma mühitindən istifadə etdiyi və Fələstin xalqına təzyiqi artırdığı bildirilib" Qeyd edək ki, ötən həftənin çərşənbə günündən bəri işğalçı İsrail ordusu Qəzzada bəzi mövqeləri bombalayır. İşğalçı Təl-Əviv rəhbərliyi, Fələstinli fəalların Qəzza zolağı ətrafındakı yəhudi yaşayış məntəqələrinə helium qazı ilə şişmiş uçurumalar və şarları göndərdikləri üçün bölgədə yanğın baş verdiyini iddia edir. Qəzzadan gəldiyi deyilən yanan uçurtma və şarlarla mübarizə yolunu tapa bilməyən işğalçı İsrail ordusu, bu uçurtmalar və şarlarla hazırlandıqlarını iddia etdiyi sərhəd bölgələrinə tez-tez hava hücumları təşkil edir. Qəzza zolağına hücum edən İsrail rejimi, avqustun 13-də Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Kömək Təşkilatına (UNRWA) məxsus bir məktəbi bombalayıb. Avqustun 12-də isə işğalçı İsrail rejimi , blokada saxlanılan Qəzza zolağından göndərilən yanan şarları bəhanə edərək fələstinli balıqçıların balıq ovu məsafəsini 15 mil-dən 8 mil-ə qədər azaltıb. İşğalçı rejim həmçinin Qəzzaya yanacağın daxil olmasını qadağan edib.