Süleyman Dəmirəl vəfat etdi
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib. 91 yaşlı siyasətçi yerli vaxtla saat 02:05-də nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib. Görkəmli siyasi xadim, təcrübəli mühəndis Süleyman Dəmirəl 1924-cü ildə Türkiyənin İsparta şəhərində anadan olub. Müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. 1975-1980-cı illərdə o, fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlayıb. 1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarılıb, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırılıb. 1987-ci ildən o, "Doğru yol" partiyasının rəhbəri seçilib. 1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib. Dövlət başçısı illərində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikası ilə səmimi, mehriban əlaqələr yaratmaqda seçilib.