Maide.az

Sabah İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Sabah Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq.   Bu barədə məlumatı yanvarın 25-də vəkil Fariz Namazlı verib.   Vəkilin sözlərinə görə, məhkəməyə hakim Gülzar Rzayeva sədirlik edəcək. Məhkəmə prosesinə İntiqam Əliyev qatılacaq.   İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur. 2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.   Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.   Xatırladaq ki, İntiqam Əliyevin ilkin həbsindən 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.   Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.   “Amnesty International” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.