Səudiyyə Ərəbistanı İran nümayəndə heyətinin İƏT-in Ciddə şəhərindəki fövqəladə iclasında iştirakını əngəlləyib
Səudiyyə Ərəbistanı İran nümayəndə heyətinə İslam Əməkdaşlıq Təşkilatının XİN başçılarının ABŞ-ın “Yüz ilin planı”nını müzakirəsi ilə bağlı çağırdı fövqəladə iclasda iştirak etmək üçün vaxtında viza verməyib. Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi öz tvitter səhifəsində yazıb . “İran nümayəndə heyətinin səfəri ləğv olunub. Buna səbəb Səudiyyə Ərəbistanı hökumətinin İranlı nümayəndə heyətinə İƏT-in Ciddə şəhərində keçiriləcək iclasda iştirak etmək üçün vizanı gecikdirməsidir. Səudiyyə Hökuməti gün ərzində viza verilməsini yubatdı və gecə gec saatlarında viza verə biləcəyini açıqladı. Bu isə nümayəndə heyətinin əməldə bu gün səhərki iclasda iştirak etməsini imkansız edirdi. Bu səbəbdən səfər ləğv olundu". Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas çağırıb. Bu gün səhər keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər Nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək. Xatırladaq ki, Səudiyyə Ərəbistanı bu iclasa ev sahibliyi etsə də BƏƏ və Bəhreynlə birlikdə ABŞ-ın “Yüz ilin planı”nı dəstəkləyir.