Maide.az

Rusiya XİN rəhbəri İranla “altılıq” ölkələri arasındakı razılaşmanın bəzi detallarını açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın detallarını açıqlayıb.   S.Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar.   “Güman edirik ki, yaxın günlərdə həmin sənəd BMT TŞ-də yekdilliklə qəbul olunacaq”, - deyə o vurğulayıb.   Lavrov onu da əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq.   Silah embarqosuna gəldikdə isə Rusiya XİN rəhbəri bildirib ki, embarqo 5 il müddətində qüvvədə qalacaq. Bununla belə BMT TŞ-nin qərarına əsasən həmin müddət ərzində İrana silah satışına icazə verilə bilər.