İraq Tikrit əməliyyatına başlayıb
İraqın hökumət qüvvələri Tikrit şəhərini İŞİD terrorçularından almaq üçün iri miqyaslı hərbi əməliyyata başlayıb. Maide.az-ın məlumatına görə, dövlət televiziyası martın 2-də xəbər verib ki, hərbi qüvvələr Bağdaddan 130 km şimalda yerləşən İŞİD-çilərin mövqelərinə hücum edib. Qüvvələrə şiə və sünni döyüşçüləri, İraq qırıcı təyyarələrinin hava zərbələri yardım edir. Yaraqlıların şəhər ətrafında bəzi ərazilərdən çıxarıldığı bildirilir. Əməliyyatdan öncə baş nazir Haidar al-Aadi Tikritdəki sünni tayfa döyüşçülərini Tikritdən çıxmağa çağırıb, onların əfv olunacağını deyib. Qeyd edək ki, İŞİD Tikriti ötən yay tutub.