Maide.az

Ramazan ayının 6 xüsusiyyəti

Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur: اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ “Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar...” Allah-Taala Ramazan ayında oruc tutanlardan altı sənəd və zəmanət istəyir. Hər kim həmin sənədləri təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir: 1. أن یَحفَظَ دینَهُ – Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır. 2. وَ یَصُونَ نَفسَه – İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə-bazarlarda özünü fitnə-fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır. 3. وَ یَصِلَ رَحِمَهُ – Üçüncüsü odur ki, qohum-əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir. 4. وَلا یُؤذِیَ جَارَهُ – Dördüncü odur ki, qonşularını incitməməlidir. 5. وَ یَرعَی إخوانَهُ – Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməldir. 6. وَ یَخزُنَ لِسَانَهُ – Altıncısı isə odur ki, ki, dilini (dil günahlarından) qorumalıdır. (“Mustədrəkul-vəsail”, c.7, səh.370.) Qeyd edilən şərtlərin 3-ü həqqün-nasdır – başqalarının hüquqlarına aiddir: qohumluq əlaqələrinin möhkəmlənməsi, qonşulara diqqət və insanların hüquqlarına riayət. Digər 3-ü isə insanın özünə aiddir: dinin, nəfsin və dilin qorunması. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, hər kim bu altı şərtə və xüsusiyyətə əməl edə bilsə, qeyd edilən hədiyyələri qazanacaq və onlardan bəhrələnəcək. Maide.az – Maarif bölümü