Maide.az

Rəşid Hacılı Xanlar Vəliyevlə qohumluğundan danışdı

İnsan haqları məsələsində Azərbaycan hakimiyyətinin qatı tənqidçilərindən biri, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qohumu imiş.   Bu detal jurnalist Eynulla Fətullayevin haqqin.az saytında dərc olunmuş “Onlar İlham Əliyevin ”tarix lokomotivinin" təkərləri altında qaldılar" başlıqlı araşdırmasında yer alıb. Belə məlum olur ki, Rəşid Hacılı Xanlar Vəliyevin bacanağıdır.   R.Hacılı insan hüquqları sahəsinə o qədər də uzaq olmayan keçmişdə - 2006-cı ildə gəlib. Həmin il mayın 26-da Ədliyyə Nazirliyi onun Media Hüquqları İnstitutunu rəsmi qeydiyyata alıb. 2006-2013-cü illər ərzində R.Hacılı Amerika fondları NED, İREX, Soros Fondu, Böyük Britaniya səfirliyi, Avropa Şurası və ATƏT-dən üst-üstə 1 milyon 613 min 96 manat məbləğində qrantlar alıb.   “Təkcə son iki il ərzində Xanlar Vəliyevin qohumu 626 min 537 manat qrant əldə edib. Bu pulların böyük hissəsi onun tərəfindən rahatlıqla mənimsənilib. Ağ və qara mühasibatlıq, ikili maaşlar (əməkdaşlar bir məbləğə qol çəkir, ayrı məbləğ alır), eyni ofisdə müxtəlif otaqların icarəsi üçün ayrılan qrantların mənimsənilməsi ”azadlıq uğrunda mübarizə aparan" Rəşidin fəaliyyətindən ancaq bir neçə epizoddur.   Azadlıq uğrunda mübarizədə fasilə edəndə Rəşid Hacılı bahalı “CİP”də gəzir. Azərbaycan inqilabının atalarının tarixçəsində belə şeylər də olur", - deyə araşdırmada bildirilir (virtualaz.org).   Media Hüquqları İnstitutunun rəhbəri, hazırda ölkə xaricində olan Rəşid Hacılı barəsində yazılanlara münasibət bildirib. O, musavat.com-a açıqlamasında qeyd edib ki, bu yazı bir qrup hüquq müdafiəçisinin Strasburqda AŞPA sessiyyasında iştirakından sonra ortaya çıxıb: “Biz oraya Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən siyasi haqlarından istifadəyə görə həbsdə olan şəxslərin azad olunması ilə bağlı görüşlər və kampaniya apardıq. Hüquq müdafiəçilərinin işini inqilab adlandırmaq yanlış və zərərlidir. Bəli, biz demokratiya və insan haqlarının vəziyyətinin yaxşı olması üçün çalışırıq. Biz istəyirik Azərbaycanda media azad olsun, toplaşma və dinc etiraz azadlığı olsun, müstəqil vətəndaş cəmiyyəti olsun, insanlar əmin olsunlar ki, qanun onları qoruyacaq. İnqilabdırmı bu? Təəssüf ki, müstəqil hüquq müdafiəçilərinə qarşı ardıcıl olaraq belə böhtan kampaniyaları aparılır”.    X.Vəliyevlə qohumluq əlaqələri barədə fikirlərə isə hüquq müdafiəçisi bu cür münasibət bildirib: “Xanlar Vəliyev hakimiyyət komandasında mühüm yer tutan şəxslərdən biridir. Hakimiyyətin hər hansı tənqidini heç yaxına belə buraxmayan belə şəxslərlə hökuməti tənqidi rəydə olanın söhbət etməsi belə alınmır. Əksinə, mən arzu edərdim hüquq müdafiəçilərinin hökumətlə işbirliyi üçün çoxlu açıq kanallar olsun ki, bizim işimizin effektivliyi artsın. Mənim uzaq qohumum olsa da, dəfələrlə məni gördüyüm işdən çəkindirmək üçün cəhdlər edib, qohumları üstümə salıb. Amma mən gördüyüm işin doğru olduğuna inandığım halda, bunu necə etməyim? Bu, mənim vəzifəmdir, mən bacardığım qədər bunu etməliyəm. İndi təəssüf, ölkədə yoxam işlərimlə bağlı. Media Hüququ İnstitutunun fəaliyyətini həmkarlarım mənsiz, hətta düşünürəm məndən də yaxşı yerinə yetirirlər”.