Maide.az

Quran oxumağın bərəkəti

- Qurani-Kərim insanı üstün mələklər səviyyəsinə ucaldar və insan ilə cəhənnəm arasında mane olar. - Quran-Kərim, onu oxuyan şəxsə təvazökarlıq, bağlılıq, ucalıq, izzət və zinət verər. - Quran oxumaq yaddaşı gücləndirər. - Quran oxumaq, vətənində olanların mərdliyidir. - Quran oxumaq, dostun kitabını oxumaq və onu xatırlamaq üçün olduğuna görə, insana gümrahlıq, xoşbəxtlik, sevinc bəxş edər. - Quran oxumaq, insanın qəlbinə nuraniyyət verər. - Quran oxumaq, ruh və bədənə təsir edir. Həmçinin qəlblərin Allaha yaxınlaşmasını və bədənin xuşu əldə etməsini təmin edər. - Quran oxumaq, xəstəliklərə şəfadır. - Quran oxumaq ruhun güclənməsinə səbəb olar. Çünki mücərrəd ruh, ilahi nurla qidalanır və güc toplayır. - Quran insanı qoruyar. Çünki insanlar barədə hər şey Qurani-Kərimdə açıqlanıb. - Quran-Kərim, insan üçün hidayət və səadət kitabıdır. İnsan, dünya və axirət həyatına bağlı varlıq olduğuna görə, Quran, insan həyatının hər iki tərəfinə zəmanət verir və yaxşılaşdırır. - Qəsavət, qəlb xəstəliklərindən biridir və qəlbin yumşalması bəzi səbəblərə bağlıdır və bu səbəblərdən biri də nəsihətdir. Quran ən böyük nəsihətdir. - Quranı oxumaq və onunla dost olmaq, insan həyatına bərəkət gətirər.   Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.” İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.” Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.” İmam Sadiq (ə) buyurmuşdur: “Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”