Maide.az

QURANİ-KƏRİMDƏ MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ

Qurani-Kərimdə möminlərin bir sıra fərdi və ictimai xüsusiyyətlərindən söz açılır ki, biz burada onlardan bəzilərinə toxunmaqla kifayətlənirik: FƏRDİ XÜSUSİYYƏTLƏR 1. Möminlər Allaha təvəkkül edərlər;[1] 2. Allahı yad edərkən qəlbləri titrəyər;[2] 3. Vacib əməlləri (xüsusilə namazı) vaxtlı-vaxtında yerinə yetirərlər;[3] 4. İffətli olar və zinadan qorunarlar;[4] 5. Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha bağlı olar və Onun dərgahında kiçilərlər;[5] 6. Yersiz və lüzumsuz işlərdən uzaq olarlar;[6] 7. İlahi ayələri eşidərkən imanları artar.[7] İCTİMAİ XÜSUSİYYƏTLƏR 1. Başqalarını yaxşı işlərə dəvət və çirkin işlərdən çəkindirərlər; 2. Başqalarının maddi ehtiyaclarını təmin edərlər; 3. Mömin qardaşlarla dostluq edərlər;[8] 4. Camaatla təmkin və təvazökarlıqla davranarlar;[9] 5. Xeyirxah işlərdə hamıdan irəli keçərlər;[10] 6. Kafirlərdən uzaq olarlar;[11] 7. Əmanətə sadiq qalmağa səy göstərərlər;[12] 8. Əhd-peymana vəfalı olarlar;[13] 9. Allahın Rəsuluna itaət edərlər.[14] İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur: 1. Çətinlik zamanı dözümlü və təmkinli olar; 2. Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir edər; 3. Ruzisi geniş olarkən Allaha şükür edər; 4. Allahın əta etdiyi ruziyə razı və qane olar; 5. Düşmənlərə belə zülm və təcavüz etməz; 6. Öz yükünü dostlarının üzərinə atmaz və yaxud dostluq xatirinə onların günahlarını öhdəsinə götürməz; 7. Vücudu Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər; 8. Camaat onun əlindən əmin-amanlıqda olar. O həzrət rəvayətin sonunda buyurur: “Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri yolgöstərən və məsləhətçi, əqli əməllərə əmr edən, rəftarı gücü və qardaşı, yaxşılığı mehriban və qayğıkeş atasıdır.”[15] Bir sözlə, həqiqi mömin sonsuz aləmə bənzəyir.[16] Rza Şükürlü (Maide.az) [1]. “Ənfal” surəsi, ayə 2. [2]. “Ənfal” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 51. [3]. “Muminun” surəsi, ayə 9. [4]. “Muminun” surəsi, ayə 5. [5]. “Muminun” surəsi, ayə 2. [6]. “Muminun” surəsi, ayə 3. [7]. “Ənfal” surəsi, ayə 2. [8]. “Tövbə” surəsi, ayə 71. [9]. “Fürqan” surəsi, ayə 63. [10]. “Muminun” surəsi, ayə 59. [11]. “Mücadilə” surəsi, ayə 22. [12]. “Muminun” surəsi, ayə 8. [13]. “Muminun” surəsi, ayə 8. [14]. “Ənfal” surəsi, ayə 1. [15]. “Səfinətül-bihar”, 1-ci cild, səh.37. [16] Möminlərin xüsusiyyətləri haqda əlavə məlumat əldə etmək istəyənlər “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsinə müraciət edə bilərlər.