Qırğızıstanda isti hava şəraitinə görə iş günü qısaldılıb
Qırğızıstan hökuməti anomal isti hava şəraitini nəzərə alaraq iyulun 16-da iş gününü qısaldıb. Ölkənin baş naziri Temir Sariyev bu barədə sərəncam imzalayıb. Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir ki, havanın hərarətinin 44+ dərəcə olacağına dair FHN-nin proqnozunu nəzərə alan Əmək, Miqrasiya və Gənclər Nazirliyi iş gününün qısaldılması təklifini irəli sürüb. Baş nazir təklifi nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb. Nazirin sərəncamına əsasən bu gün - 16 iyul tarixində ölkədə iş günü 2 saat qısaldılacaq. Xatırladaq ki, 16 iyul 2015-ci il tarixdə İraqın bəzi əyalətlərində havanın hərarəti rekord səviyyəyə, 50 dərəcəyə çatacağı üçün ölkə hökuməti 16 iyulu qeyri-iş günü elan edib.