Maide.az

Parlament Xocalı faciəsi ilə bağlı qərar qəbul edib

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri və Dağlıq Qarabağdakı keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərində azərbaycanlıları kütləvi qırıb. Bu qırğının Milli Məclisin 1994-cü il, 1995-ci il, 2007-ci il və 2012-ci il fevralın 24-də verdiyi qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilir”.   Parlamentin fevralın 24-də Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar qəbul etdiyi qərarda belə bildirilir.   Qərarda deputatlara, hüquq mühafizə qurumlarına, digər dövlət və qeyri-hökumət təşkilatlarına yönəlik tövsiyələr yer alıb.   Deputatlara tapşırılır ki, xarici ölkələrə səfərlər zamanı Xocalı faciəsi haqqında həqiqətləri yaysınlar.   Hüquq-mühafizə qurumlarına isə tapşırılır ki, Xocalı faciəsinin törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib, cinayət məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görsünlər.   Qərarda dövlət qurumlarına tövsiyə edilir ki, bu məsələdə QHT-lərlə səyləri birləşdirsinlər.   Sənəddə həmçinin, xarici ölkələrin parlamentlərinə də çağırış əksini tapıb. Parlamentlərdən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının soyqırımı cinayəti kimi tanınması istənilir.   Parlamentdə Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifi də irəli sürülüb. (AzadlıqRadiosu) /