Maide.az

OPEK Bakıda toplana bilər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti konfranslarından biri Bakıda keçirilə bilər.   Bu məsələ energetika naziri Pərviz Şahbazovla OPEC-in Azərbaycanda səfərdə olan baş katibi Məhəmməd Barkindo-nun görüşündə müzakirə edilib.   Nazirliyin məlumatında deyilir ki, görüşdə dünya neft sənayesinin hazırki vəziyyəti, OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.   OPEC-in baş katibinin dünya neft bazarında qiymətlərin sabitləşməsi, balansın yaranması və neft hasilatının azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın aparıcı rol oynadığını qeyd etdiyi bildirilir. O, istehsalçı və istehlakçıların maraqlarını təmin edən vəziyyət yarandıqdan sonra da əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, müxtəlif ölkələrlə nəzərdən keçirilən əməkdaşlıq platformalarından danışıb.   P.Şahbazov neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın da yaxından iştirak etdiyi OPEC və qeyri-OPEC formatının uğurlu olduğunuvurğulayıb. O, bildirib ki, neft bazarında tarazlığın bərpası bu əməkdaşlığın nəticəsidir.   "Azərbaycan öz öhdəliyinə sadiqdir və OPEC təşəbbüsünə qoşulan ölkə kimi gələcək müzakirələrdə iştirak etməyə və prosesə öz töhfəsini verməyə hazırdır," nazir deyib.   Görüşdə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin növbəti konfranslarından birinin Bakıda keçirilməsi təklif olunub. --0--   OPEK-in baş katibi Azərbaycvana dünən gəlib.   Onu Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.   Xatırlatma   2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.   Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Azərbaycanın da qoşulduğu bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.   Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var. (contact.az)