Maide.az

İndoneziyada zəlzələdən geriyə qalanlar: ölüm, dağıntı və qırılan qəlblər

İndoneziyada cümə günü Sulawesi Adasındakı Palu şəhərini vuran zəlzələ və sunamidən sonra səlahiyyətli şəxslər itkinləri tapmağa çalışır. Bu ana qədər azı 1350 adamın həyatını itirdiyi deyilir. Bölgəyə baş çəkən BBC müxbiri Şeref İşler müşahidələrini bölüşür:   Sadəcə dənizə baxsaydım, Palunun cənnət ölkə İndoneziyanın gözəl yerlərindən biri olduğunu düşünərdim.   Amma Palu mindən çox adamın həyatını itirdiyi, ağrı-acının məkanıdır.   Ölülər artıq sadəcə bir rəqəm ola bilər, amma şəhərə girəndə maşına dolan qoxu burda bir neçə gün əvvəl nələr baş verdiyini xatırladır.   Cəsədlərin suya hopduracağı xəstəliklərdən qorxulduğu üçün kütləvi məzarlar qazılmış olsa da, iy hələ də havadadır.   Çimərlikdə maşınlar, dağılmış evlər, insanların həyatlarından qalan qalıqlar var. Parça-parça olmuş bir avtobus qalıqları gözə dəyir. İçində neçə adam var, həftəsonu istirahətmi edirdilər - bilmirik.   Maşınlarımız yollardakı cığırlarla qabağa gedir, amma qarşımızı tez-tez kəsirlər. Əllərini yellədərək bizi saxlayanlar pul istəmir. Onların istədiyi su və ya yeməyə bir şeydir.   Bir qrup ac adam önümüzdəki bir supermarketin qapısını qırır. Polis öncə müdaxilə edir, bibər qazı sıxır. İnsanlar ac və susuzdur. Tərcüməçimiz "dükanı yağmalayırlar" deyir. Polis də sadəcə su və yeməli şeylərdən başqa bir şey götürəni həbs edir.   Paluda elektrik enerjisi bir lüks olub. Barmaqla sayılacaq qədər az yerdə generator gücünə lampa yanır.   Bunlardan biri də media təmsilçiləri olaraq qaldığımız otel. Zəlzələyə qarşı təhlükəsiz görünmədiyindən hovuz kənarındakı çadırlarda gecələyirik.   Elektrik olmadığından su nasosları işləmir, buna görə də duş almaq istəyənlər hovuzdan vedrə ilə su götürür.   Otelin qabağında efirə yayın saatlarını gözləyərkən bir kişi velisopedlə gəlir. Bizdən "BBC? BBC" deyə soruşur. "Bəli" deyirəm, "BBC".   Əl işarələri ilə başına gələni anladır. "Dam" deyir və əllərini aşağı endirir. Damı evin üstünə çöküb, yerlə bir olub - həm evi, həm həyatı.   Qarşısından keçdiyimiz bir evin bağçasında dam, divar çöküb, pəncərələr sınıb. Amma ailə bir yerdədir, çay içirlər. Birlikdə olduqlarına şükür edirlər, bu kabusdan oyanmağı gözləyirlər.   Qarşıdakı qonşuları indoneziyalılara məxsus qonaqpərvərliklə bizə yemək təklif edir. Şəhərdə benzin qalmadığından evin divanını yandırıb.   Ölkədəki müxalifət Palunu ziyarət etmək istəsə də xalq bunun bir siyasi tamaşaya çevrilməsini istəmir. İstədikləri şəhərə çox təcili yardım göstərilməsidir.   Amma ən yaxın şəhərlə məsafənin normal şərtlər altında 18 saat sürdüyünü nəzərə alsaq, bunun necə olacağı sual altındadır.   Hardasa dərini yandıracaq qədər isti olan günəş altında əqrəbalarını axtaran, yanacaq növbəsində gözləyən və yeməyə bir şey tapmağa çalışanları gördükdə, onların duyğularını anlamaq çətin deyil.   Ölü qoxusunun bürüdüyü şəhərdə sevdiklərini axtaranlar nə hiss edirlər görəsən, deyə düşündüm.   Sürüşən torpağı təmizləmək üçün hər vurulan kürəkdən sonra yeni bir ölü iyi havaya yayılır və yenə birinin can yandıran səslə ağladığını duyuruq.   Bu acıları İndoneziyanın təbii gözəllikləri, ucsuz-bucaqsız yaşıl düzləri və mavi dənizi ilə əlaqələndirmək çox çətindir. Amma olan da budur: 7,5 gücündə zəlzələ, 3 metr yüksəkliyində bir sunami.   Və geridə buraxdıqları da hər addımda önümüzdədir: ölüm, dağıntı və qırılan qəlblər. / bbc /