Maide.az

Müsavatda seçki qalmaqalı böyüyür

Məclis seçkisinə ittihamlar var; Qubad İbadoğlu: “Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı?”  Alya Yaqublu: “Qubad bəy öz iqtisadi bilikləriylə qırğız xalqına yardım etməklə məşğul olub”; Elman Fəttah: “Nə təklif edirsiniz, seçkili demokratiyadan imtina edək, ”yaxşıları" təyin edəkmi?"   Müsavat Partiyasında sentyabrın 27-də keçirilən qurultayla bağlı narazılıqlar səngimək əvəzinə daha da yüksəlir. Nəinki başqanlıq, hətta Məclisə keçirilən seçkilərdən də narazılıqlar var və qarşılıqlı ittihamlar səngimir.    Bu ittihamlar arasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun fikirləri xüsusi diqqət çəkir. O, oktyabrın 2-də qurultayla bağlı növbəti bəyanatını yayıb. İqtisadçının sosial şəbəkə vasitəsilə yaydığı və müsavatçılara ünvanladığı bəyanatda bildirilir: “Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz? Məclis Müsavatın vitrinidir, ora ağlı, zəkası və intellekti olanların meydanıdır.    Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehtiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi nazir İsa Bağırovun, pedoqika üzrə fəlsəfə elmlər doktoru, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır? Bu, sizi düşündürürmü? Düşünürsünüzmü partiyanın iqtisadiyyat, təhsil, tibb, təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək? Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər apasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.   Partiyadaşları isə keçmiş namizədin Məclislə bağlı etirazından qəzəbləniblər. Q.İbadoğlunun bəyanatı partiyadaşları tərəfindən etirazla qarşılanıb və partiya təmsilçiləri ona cavab veriblər. Alya Yaqublu sosial şəbəkədə “Qubad İbadoglunun ”dünyanı alimlər xilas eləyəcək" tezisinə qarşı bir kaç anti-tezis",- başlıqlı status yazıb: “Uzun illərin təcrübəsi göstərdi ki, nəinki bir partiyanın, bütövlükdə Azərbaycanın vitrini sayılan ziyalılar və alimlər ölkədə demokratiyanın bərqərar olması üçün çaba göstərməkdə maraqlı deyillər, əksinə, öz şəxsi maraqlarını təmin eləmək üçün hakimiyyətin yanındakı yerlərini qorumaq uğrunda özlərini şəhid eləyirlər - bu, bir. Hakimiyyətin və demokratiyanın ”açarı" alimlərin əlində olsaydı, tərəqqipərvər bəşəriyyətə indiyə qədər məlum olan siyasi doktrinaların heç olmasa yarısında ilk iş kimi Elmlər Akademiyasını və oradakı alimləri ələ keçirib onları hakimiyyətə qarşı savaşın ön cərgəsinə düzmək planı göstərilərdi - bu, iki. Uzun illər Müsavatın iqtisadiyyat komissiyasına hörmətli Qubad bəy özü rəhbərlik eləyib və məlum olduğu kimi, partiyanın hakimiyyətə qarşı mübarizəsində iştirakdan daha çox öz iqtisadi bilikləriylə qırğız xalqına yardım etməklə məşğul olub, il-on iki ay dünyanın müxtəlif ölkələrində müxtəlif seminarlarda iştirak edib.    Azərbaycanın adını tanıtmaq adına görüldüyü deyilən bu işlər, əlbəttə ki, təqdirəlayiqdi, amma Müsavat Məclisində komissiya sədrlərinin böyük və məşhur alimlərdən ibarət olmasının vacibliyi tezisinə ziddir - bu, üç. Qubad bəyin Məclisə seçilməyiblər deyə dərin acıyla paylaşdığı siyahıdakı şəxslərdən ikisi - Məlahət Mürşüdlü və Əhliman Abbas Məclisə seçiliblər, Elşad Paşasoy isə ümumiyyətlə namizədliyini verməyib - bu, dörd. Məclis üzvlüyünə yetərli səs almayan digər sayğıdəyər şəxslərin nədən bu nəticəylə qarşılaşmalarının real səbəblərini araşdırmaq böyük elm adamına daha çox yaraşardı, nəinki öz məğlubiyyət acısına onları da ortaq eləmək üçün illərdi üzvü olduğu partiyanı miskin durumda göstərmək cəhdi - bu, beş. Müsavatın yeni Məclisində professorlar da var, elmlər namizədləri də və hətta vicdan məhbusları da. Üstəlik, orta savadlı adam da yoxdu o Məclisdə. Hərçənd olsaydı da, bu, eyib sayılmazdı və insanları bu şəkildə sortlara bölmək sadəcə rasizimdi - bu da altı..."   Müsavatın digər üzvü Elman Fəttah isə Q.İbadoğlunun fikirlərini demokratiyadan imtina kimi dəyərləndirib. “Nə təklif edirsiniz, seçkili demokratiyadan imtina edək, ”yaxşıları" təyin edəkmi?",- deyən E.Fəttah da status yazaraq Q.İbadoğlunun “cavabını verib”. “Müsavat Partiyası başqanlığına keçmiş namizəd hörmətli Qubad İbadoğlu qurultayın nəticələri ilə bağlı müsavatçıların apardığı partiyadaxili müzakirələri daha kəskin formada ictimai müzakirəyə daşıyan açıqlama yazıb. Yazının məğzi bundan ibarətdir: ”Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır". Yəni yaxşılar qalıb kənarda, savadsizlar seçilib? Gəlin müqayisəni aparaq. Əvvəla, Qubad bəy hər zaman olduğu kimi, yenə də Müsavat haqda dolğun məlumatlardan uzaq qalmaga israrla davam edir... Bu qədər alimin, ziyalının, tanınmış siyasi xadımlərin, vicdan məhbuslarının, Qarabağ döyüşçülərinin seçildiyi Məclis haqda “Hazırkı tərkibdə cəmiyyətə təqdim oluancaq yeni simalar gördünüzmü?”,- cümləsi yazmağın adı nədir? Aşağılamaqmı?!",- deyə E.Fəttah qeyd edib.    Daha sonra Məclisə seçilənlərin adlarını bir-bir sadalayan E.Fəttah deyib ki, seçilməyənlərin içərisində də layiqli insanlar çoxdur: “Ancaq onların heç biri seçən və seçilən müsavatçıları aşağılayacaq açıqlamalar verməyə lüzum görmürlər. Çünki ”Şərəflə qalib gəlməin" də, “şərəflə məğlub olmağın” da bir müsavatçı üçün ləyaqət nümunəsi olduğuna inanırlar. Əlbəttə, növbəti Məclis seçkilərində onların da seçilməsinə çalışmalıyıq..." Məclisə seçilməyənlərdən və keçmiş namizəd Tural Abbaslının komandasından sayılan Cavanşir Abbaslı isə baş verənlərə bu cür şərh verib: “Ura! Gənclik üzərində ”möhtəşəm" qələbə qazanıldı. Heç bir gənc, başda Tural Abbaslı olmaqla, Məclisə seçilməyib. Bununla da “demokratiya aşiqləri” Müsavatı gələcəkdə gözləyən “gənclik təhlükəsi”ndən xilas etdilər...!"   Onun fikrincə, gənclərin Məclisə seçilməməsi müəyyən planın tərkib hissəsidir: “Düşünürəm ki, ən azından Məclisə düşənlər qədər haqq edirdim. Sadəcə, qrupbazlığın qurbanı olduq biz gənclər. Çünki reallıqdır ki, qurultayda tərəfdarlar heç bir namizədin əməyinə görə səs vermədilər. Sadəcə, dəstəklədikləri namizədin dediklərinə səs verdilər. Nəticədə kənarda qaldıq. Əsas seçilməməyimizin səbəblərindən biri də gəncliyə olan qısqanclıq oldu. Amma üzülmürəm. Çoxları üçün Müsavatda vəzifə tutmaq əsas məqsəd ola bilər. Mənim üçün güclü Müsavatın sıravi üzvü olmaq əsas şərtdir. Bütün bunlara baxmayaraq, inanıram ki, 11 oktyabrda Müsavat Məclisinə boş qalan yerlərə keçirilən seçkilərdə 27 sentyabrda edilən səhvlər təkrarlanmayacaq. Məclis üzvləri gəncliyə səs verəcəklər”. musavat /