Misir sahillərində aşan qayıqda ölən miqrantların sayı 160 nəfəri keçib
Misirin Kafr-eş-Şeyx şəhərinin sahillərində içərisində təxminən 600 miqrantın olduğu qayığın aşması nəticəsində ölənlərin sayı 160 nəfəri keçib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,sentyabrın 21-də içərisində təxminən 600 miqrantın olduğu balıqçı qayıq aşıb. Rəsmilər bildirir ki, qayığın aşmasına səbəb ona həddən artıq insanın minməsi olub. Qayığın göyərtəsində Misir, Suriya və Afrika ölkələrindən miqrantlar olub. Axtarışlar davam edir, ölənlərin sayının daha da artacağı ehtimal olunur. 2016-cı ilin yanvar ayından sentyabr ayına kimi 12 mindən çox miqrant Misirdən İtalyaya gedib. Ötən il isə bu rəqəm 7 min nəfər olub. BMT-nin məlumatına görə, 2014-cü ildən indiyədək 10 mindən çox miqrant Aralıq dənizi vasitəsi ilə Avropaya gedərkən həyatını itirib.