Maide.az

Meriya Milli Şuranın mitinq müraciətinə hələ də cavab verməyib

Müsavatdan aksiyaya dəstək gəldi; ADP sədri isə... Xəbər verildiyi kimi, Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 12-si saat 15:00-da Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Aksiyaya yer ayrılması ilə bağlı BŞİH-ə müraciət ünvanlanıb. Etiraz aksiyasının əsas tələbləri repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi olacaq.   Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev BŞİH-ə ünvanladıqları müraciətə hələ də cavab verilmədiyini qeyd etdi: “Keçirəcəyimiz mitinqə yer ayrılması ilə bağlı artıq aidiyyəti orqan olan BŞİH-ə müraciətimizi etmişik. Amma hələ cavab verilməyib. Ola bilsin ki, bayram günləri ilə əlaqədar cavab gecikdirilir. Hesab edirik ki, aksiyaya razılıq verilməlidir”. Qeyd edək ki, Milli Şura ilə eyni gün, saat və məkanda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də mitinq təyin edib. Partiya bu barədə BŞİH-ə müraciətdə ünvanlayıb. Oqtay Gülalıyev yaranan situasiya ilə bağlı da suallarımızı cavablandırdı: “Bu, Milli Şuranın nəzərdə tutduğu mitinqi əngəlləmək, mane olmaq üçün atılmış növbəti təxribat planlarından biridir”. Milli Şuranın keçirəcəyi mitinqə siyasi partiyaların dəstək verib-verməyəcəyi sual altındadır.  Müsavat funksioneri Mustafa Hacıbəyli siyasi məhbuslara azadlıq tələb olunan istənilən aksiyada iştirak etməyə hazır olduqlarını bəyan etdi: “Müsavat olaraq, bu mitinqdə iştirak etməyə qətiyyətli idik. Şəxsən özüm Milli Şura tərəfindən Müsavata müraciət olub-olmayacağını gözləyirəm. Ümid edirəm ki, Milli Şura bu aksiyanın daha sanballı, kütləvi keçməsi üçün tədbirlər görəcək. Özüm də bu məsələdə Milli Şuraya dəstək verməyə hazıram. Partiyamızın 5 üzvü həbsdədir. Arzulayardım ki, mitinqin təşəbbüskarları əvvəlcədən aksiyanın günü, vaxtı ilə bağlı Müsavatla məsləhətləşərdilər. Təki aksiya uğurlu olsun. İnanıram ki, Milli Şura Müsavata müraciət etməsə belə,  müsavatçılar aksiyada iştirak edəcəklər. Şəxsən özüm aksiyaya Tofiq Yaqublunun portreti ilə çıxmaq niyyətindəyəm ”. Ümid Partiyasının sədri İqbal Ağazadə mitinqlə bağlı Milli Şuranın onlara müraciət etmədiyini bildirdi: “Müraciət  olmadığına görə aksiyada üzvlərimizin fərdi iştirakı belə olmayacaq”. ADP sədri Sərdar Cəlaloğlu hazırkı vəziyyətdə mitinq keçirməyin doğru olmadığını qeyd etdi: “Partiyamız və təmsil olunduğumuz İnsan Hüquqları Mərkəzi belə hesab edir ki, hazırda mitinq keçirilməsi aktual deyil. Çünki baş verən hadisələr ölkəmizdə sabitliyin olmasını tələb edir. Milli Şura yarandığı zamanlar Rusiya ilə olan əlaqələrini nəzərə almaq lazımdır. Ola bilsin ki, indiki vəziyyətdə aksiya keçirmək o qüvvələrin maraqlarına xidmət edə bilər. Hesab edirik ki, dövlətçiliyimizi qorumaq lazımdır. Bununla belə, "Siyasi partiyalar haqqında" Qanunda göstərilib ki, partiya öz üzvlərinin hüquqlarını məhdudlaşdıra bilməz. Bu baxımdan üzvlərimizin aksiyada iştirakına mane ola bilmərik”. Siyasi partiyalardan AMİP artıq mitinqdə iştirakla bağlı qərar verib. Bu barədə qurumun baş katibi A.Əlizadə modern.az-a açıqlamasında məlumat verib: “Partiya üzvlərinə mitinqdə iştirakla bağlı heç bir qadağa qoyulmayıb. Növbəti mitinq də ölkədə qiymət artımı ilə əlaqədardır. AMİP-in üzvləri də həmin mitinqdə iştirak edə bilərlər”. /Musavat.com/