Maide.az

Maşın ehtiyat hissələri bazarında vəziyyət: hələ mal var, ancaq müştəri yoxa çıxıb...

Manatın devalvasiyası və ölkədə müşahidə olunan valyuta qıtlığı bütün sahələr kimi avtomobillərin ehtiyat hissələri bazarına da təsirsiz ötüşməyib. Avtomobillərin qiymətinin dollar ekvivalenti ilə kəskin aşağı düşməsinə baxmayaraq onların ehtiyat hissələri, sürtgü yağları və s. sürətlə bahalaşmaqdadır. Başqa sözlə, indi avtomobil saxlamaq daha bahalı işə çevrilib və belə görünür ki, vətəndaşların öz avtomobillərindən yaxa qurtarmaq səylərinin artmasının arxasında dayanan səbəblərdən biri də budur.   Bu problemi araşdırmaq üçün Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri bazarında olduq, satıcılarla söhbətləşdik.   “Dollar bahalaşandan sonra firmalar qiyməti artırdı. Maşın ehtiyat hissələri son 10-15 gündə təxminən  30-35 faiz bahalaşıb. Hələ anbarlarda mal var, bahalaşma fevraldan sonra hiss olunacaq”-satıcılar bir ağızdan deyir.   Bəs qiymətlərin dəyişməsi alıcı sayına təsir edibmi?   Satıcılar deyir ki, hazırda bazarda alıcı qıtlığı hökm sürür. “Devalvasiyadan sonra bazara gələn yoxdur. Buna görə də əksər mağazalar bağlanır” –bazardakı maşın ehtiyat hissələri mağazasının sahibi Nəriman Məmmədov deyir.   Günorta saatları olmasına baxmayaraq bazarda alıcıların sayı azdır. Bir neçə mağaza isə bağlıdır.  Mağaza sahibləri yer haqqının azaldılması tələbi ilə aksiya keçirirlər.   Nəriman Məmmədov deyir ki, son 2 gündür heç nə sata bilməyib: “Firmalar qiymətləri artırıb. Bəzi ehtiyat hissələri 30 faiz bahalaşıb. Biz anbarlarda qalan malları köhnə qiymətlərlə satırıq. Məsələn,  “nakladka”ların qiymətini hələ artırmamışıq. Amma yeni mal gətiriləndən sonra “nakladka”ların qiyməti 50 faiz artacaq. Bu nakladka 30 manatadırsa 50 manat olacaq. Akkumlyator 70 manatdırsa ən azı 100 manat olacaq”.   Satıcı Həsən Hüseynov isə deyir ki, Rusiyadan gətirilən malların qiymətində cüzi artım var. Avropa ölkələrindən gətirilən malların qiyməti isə 50 faizədək artıb: “Firmalar əvvəl nisyə mal verirdilər. Dollar bahalaşandan sonra nisyə mal verilmir.  Məsələn, “Evrostar”, “Boss”, “BP”,  “Renasol”  və digər firmaların mallarında qiymətlər dəyişib. Alver isə “ölüb”. Əvvəllər bazarın girəcəyindəki mağazalar çox yaxşı işləyirdi. İndi onlar da bağlanmaq məcburiyyətindədirlər”.   Bəzi satıcılar dolların bahalaşmasından sonra ziyanla işlədiklərini dedilər.   Satıcı Qulu Məmmədov söyləyir ki, bir çox aksesuarların qiyməti 80 faiz artıb: “Şit təmizləyəni əvvəllər 1 manat 20 qəpiyə satırdıq. İndi isə 3 manat olub. Qiymət artandan sonra mal almağa gedən də yoxdur. Bir neçə vaxtdan sonra maşın ehtiyat hissələrində qıtlıq yarana bilər. Əvvəl 10 manata sata bilmədiyimiz  malların qiyməti indi 20 manat olub. Rusiyadan gətirdiyimiz maşın rullarının 1-ni 1 aya sata bilmirik”. Mağaza sahibləri icarə haqlarının azaldılandılacağına ümid edirlər.   Qeyd edək ki, bu gün səhər 50-dək mağaza sahibi yer haqqlarının azaldılmasını tələb edib. Bazar rəhbərliyinə yaxın şəxslər satıcılardan onların dağılışmasını tələb etsələr də, buna nail olmayıblar.    Mağaza sahibi Nizami Məmmədov saytımızın əməkdaşlarına deyib ki, dolların məzənnəsi qalxandan sonra alver zəifləyib: “Dollar bahalaşandan sonra firmalar nisyə mal vermir. Bəzən günlərlə heç nə satılmır. Maşın sahibləri məcburiyyət qarşısında qalmayanadək mal almırlar. Buna görə də, mağazalar bağlanır”.   Digər aksiya iştirakçısı isə toplaşaraq bazar rəhbərliyi ilə danışmaq istədiklərini dedi: “Biz yalnız yer haqqının azaldılmasını istəyirik. Əlavə heç bir tələbimiz yoxdur”.   Aksiya iştirakçıları bir neçə gün əvvəl də yer haqqlarının azaldılmasını tələb etdiklərini söylədilər. Hazırda bazar rəhbərliyi ilə danışıqlar aparılır.(virtualaz)