Maide.az

Maliyyə Nazirliyindən QHT-lərə xəbərdarlıq

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının nəzərinə çatdırır ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.   Trend-in məlumatına görə, Nazirlik bildirir ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib: maliyyə vəziyyəti haqqında, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.   Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və QHT-nin maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.   Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək mümkündür.