Maide.az

Mənzil bazarında xaos hökm sürür

Dolların möhkəmlənməsi əksər sahələrə təsirsiz ötüşməyib. Bu dəfə mənzil bazarındakı vəziyyəti araşdırmışıq.    Evlərin alqı-satqısı ilə məşğul olan "Hüseyin" firmasının sahibi Akif Əliyevin sözlərinə görə, mənzil bazarında bahalaşma yoxdur, qiymətlər sabitdir. Bununla yanaşı son bir neçə gündə bazarda aktivləşmə müşahidə olunur. Özü son bir həftədə iki mənzilin alqı-satqısı üzrə müqavilə imzalayıb. Onlardan biri şəhərin mərkəzi Vidadi küçəsində yerləşir. Sahəsi 22 kv. m. həyət evinin rəsmi müqavilə qiyməti 35 min manat olub: "2 ay bundan əvvəl o evin qiyməti 40 min manat idi. Yasamal bazarının yanında 61 kv. m. mənzili isə 49 min manata rəsmiləşdirdik. 8 ay bundan əvvəl belə mənzil 55-60 min manat idi. İlin əvvəlindən mənzil bazarında alıcı yoxdur, evlərin satışı dayanmışdı. Hazırkı canlanma dolların möhkəmlənməsi ilə bağlıdır, əhali əlində olan pulunu daşınmaz əmlaka yatırmaq istəyir. Gələnlər də pula güvənmədiklərini deyirlər. Alıcılıq qabiliyyəti artdıqca adətən qiymətlər də bahalaşır. Əslində başdan bahalaşma digər sahələrdəki kimi mənzil bazarında da oldu, amma dövlət başçısının tapşırığından sonra hələlik qiyməti qaldırmağa ehtiyat edirlər. İnsanların büdcəsi də daha çox ucuz evlərə görədir. Bir il bundan əvvəl qiyməti 300 min, yarım milyon manat olan evlərə görə müştərilərdən zənglər gəlirdi və işimiz gedirdi. Amma bu gün evləri 500 min, 1 milyona verirlər, zənglər isə qiyməti 40-50, maksimum 150 minlik evlərə gəlir. Son bir ayda elanla bahalı evlərə zəng gəlməyib".         Manat "öldü", kafenin qiyməti 50 min dollar da qalxdı   Ötən həftələr dolların sabitliyi və ondan sonrakı dövrün ev alqı-satqı elanlarını müqayisə etdim. Məsələn, bir firmanın fevral ayında təklif etdiyi Goradil qəsəbəsindəki 0,24 ha torpaqda yerləşmiş 5 otaqlı "kupça"lı yay evi 70 min manat olub. Qiymət indi də eyni qalır. Mərkəzi Univermağın yanında 2 mərtəbəli, 105 kv. m. sahədən ibarət kafe 350 min manat olub və elə indi də həmin qiymətədir. Fəvvarələr meydanındakı 80 kv. m.-lik qeyri-yaşayış sahəsi 250 min dollar olub, yenə də həmin qiymətə və eyni qaydada dollarla göstərilib. Son rəqəm qiymətin sabit qaldığına şübhə yaradır, burada qiymət alıcıya baha-başa gələ bilər. Çünki dollarla olduğu vaxt potensial alıcı onu  0,7844 manata bölüb verəcəkdi, indi isə hələ 1 manatdan 5 qəpik də artıq hesablanacaq. Halbuki, iki həftə əvvəl alıcı 196 min manat civarında vəsait xərcləyib onu ala bilərdi. İndi qiymət avtomatik 50 min manat bahalaşmış olur. Əvvəlki qiymətə də baxılsa, qeyri-yaşayış sahəsini satışa çıxararkən obyekt sahibinin gözləntisi 200 min manatdan yuxarı olmayıb. Əslində bəzi sahibkarlar belə vəziyyətlərdə qiyməti bir qədər aşağı salmaqla aradakı fərqi yumşaltmağa çalışırlar. Amma vasitəçi şirkət bunu etməyib. Nardaran qəsəbəsində, dənizin yaxınlığında 0,01 ha torpaq 2000, Şüvəlanda 3500 manata qoyulub və elan olduğu kimi qalır. Ucuz elanlar isə tədricən yoxa çıxır. Maraqlandım, bəziləri artıq satdıqlarını dedilər, digərləri də fikirlərini dəyişmişdilər.    Elanların sayı keçən həftəyə nisbətən azalıb. Bəlkə də ümumilikdə elanlar azalmayıb, amma mənzillərlə bağlı sütun elanlarda sayca azalma var. Bu, ya maklerin dediyi kimi bazarın canlandığına işarədir, ya da insanların gözləmə mövqeyinə keçməsi ilə əlaqəlidir. Məsələn, telefonla verilən fərdi ev elanlarında keçən həftə 38 mənzil təklifi olubsa, bu həftə onların sayı cəmi 20-dir - az qala yarıbayarı azalıb. Halbuki mənzil bazarında bu qədər aktivlik hələ ki, müşahidə olunmur. Gəncədə 2 mərtəbəli 0,04 ha torpaq sahəsində yerləşən fərdi evin qiyməti keçən həftə 28 min manat olubsa, bu həftə insaflı satıcı onu 1000 manat aşağı salıb. Bu həftəyə "keçən" elanların qiyməti də eyni qalıb. Məsələn, Salayev küçəsindəki 1 otaqlı 21 kv.m. mənzil 23 min manat idi, yenə də belədir. Amma aeroportun yanında 0,08 ha torpaq 70 min dollardır. Burada da dollar=manat məzənnəsi ilə götürsək, ortada 20 min civarında bir bahalanma var. Əslində indiki halda dollarla təklif olunan mənzillərdə alan itirir, satan qazanır.   Ucuz evlər satışdan çıxarılır   Əvvəlki həftələr 13 birotaqlı mənzil satışa çıxarılıbsa, bu həftə onların sayı cəmi 5-dir - iki dəfədən də çox azalma var. Ümumiyyətlə, bu həftə birotaqlılarda yalnız 1-i istisna olmaqla digərləri satışdan çıxarılıb. 5 elandan 4-ü yenidir və qiymətləri də yüksəkdir. Yalnız "Neftçilər" Metrostansiyası ətrafında 5 mərtəbəli evin 4-cü mərtəbəsində ikiyə düzəldilmiş birotaqlı ev 2 min manat bahalaşaraq 57 min manat olub. 1 və 2 otaqlı mənzilləri yenə şirkət təklif edir, qiymətlər əvvəlki kimidir. Günəşli qəsəbəsindəki 2 otaqlı mənzil də 55 min dollar olaraq qalıb. Yəni sahibinə görə bahalaşma olmasa da, alıcı üçün 7 min manatdan çox artım var.     Telefonla elan olunan ikiotaqlı mənzillərin də sayında azalma var. Əvvəlki həftə 29 mənzil satışa çıxarılıbsa, sonuncu dəfə bu rəqəm 23-dür. 6 satış da burdan azalıb. 23 elandan 10-u dollarla göstərilib. Məhəmmədli qəsəbəsində 2 ayrı-ayrı mənzilin hər birinin qiyməti keçən dəfə olduğu kimi 50 min manatdır. Firma elanı olduğu göstərilməsə də, iki mənzilin əlaqə telefonları eynidir. 9-cu mikrorayonda da 3 otaqlı mənzilin qiyməti 115 min manat qalır. Nərimanov rayonu ərazisində 5 mərtəbəli evin 5-ci mərtəbəsində 70 min manatlıq mənzil indi 75 min dollara qoyulub, həm dollar qalxıb, həm də mənzilin bazar qiyməti. Səməd Vurğun bağının yanında keçən həftə 120 min manatlıq mənzili bu həftə 118 min manata satırlar. Burada da 2 min manatlıq bir endirim edilib. "Xalqlar Dostluğu" Metrostansiyası yaxınlığında isə 5 mərtəbəli evin 5-ci mərtəbəsindəki Leninqrad layihəli, 2 otaqlı mənzilin sahibi onu 1000 dollar endirib, indi ev 85 min dollara satılır. Amma bu da ümumi bahalanma fonunda böyük bir güzəşt deyil. Bu həftə keçən həftəki ilə müqayisədə cəmi 6 elan qalıb. Bu isə o deməkdir ki, onun cüzi bir hissəsi satılsa da qalanının sahibi yenə fikrini dəyişib, satış üçün daha uyğun vaxtı gözləyir. 3, 4, 5 otaqlı mənzil elanlarının da sayı keçən dəfəkindən 7 ədəd azdır. 5 otaqlı mənzillər isə bu həftə ümumiyyətlə, satışa təklif olunmayıb. Yeni Yasamalda 3 otaqlı Leninqrad layihəli, orta təmirli mənzil 120 min manat, 9-cu mikrorayonda 60 min manat olaraq qalıb. "Neftçilər" Metrostansiyası ətrafında 5 mərtəbəli evin 5-ci mərtəbəsində 3 otaqlı mənzil keçən həftə 76 min manata təklif olunurdusa, indi bu rəqəm 95 min dollara qalxıb.    Son bir neçə gündə bazara bahalı mənzillər təklif olunur   Əvvəlki həftələrlə müqayisədə hazırda bazara kifayət qədər bahalı mənzillər təklif olunub. Ya da mənzillər baha təklif olunub desək daha doğru olar. Çünki yüksək qiymətlə satışa çıxarılanların digərlərindən nə sahəsi, nə yerləşdiyi məkan, nə də təmirinə görə fərqi var. Sütun elanlarda 1 həftə, 10 gün əvvəl 3 otaqlı mənzilin minimum qiyməti 47 min, maksimum 165 min manat idi. Hətta 4 otaqlının maksimum qiyməti 160 min manat, 5 otaqlınınkı 130 min dollar olub. Sonuncu elan həmin vaxt dollar manatla hesablanaraq yerləşdirilib və milli valyuta ilə 100 min manat civarında vəsait demək idi. Bu həftə isə 3 otaqlılarda ən aşağı qiymət 60 min manat, ən yuxarı yarım milyondur. Xarici İşlər Nazirliyinin yanında 16 mərtəbəli binanın 12-ci mərtəbəsindəki yarım milyon manatlıq o 3 otaqlı mənzili çox maraq edirəm. Təmiri də adi imiş. Vətəndaş həm də kv. m.-ni 3 min manat göstərib ki, zəhmət çəkib özümüz hesablayaq. Yəqin, rəqəmin ilk baxışda bəzi qurumların gözünə "girməsi"ni istəməyib. Çünki ordan qazandığını dövlətlə bölüşməlidir. Hər halda fantastik rəqəmdir. "Xətai" Metrosu ətrafında 124 kv. m. mənzil 240 min manata, S.Vurğun küçəsində sahəsi 155 kv. m. olan isə 350 min manata satılır. Keçən həftənin maksimal qiyməti bu həftənin orta qiyməti sayıla bilər.    Yenə firmanın təklifi ilə olan elanda Milli Konservatoriyanın yanında, 4 mərtəbəli evin 4-cü mərtəbəsində keçən həftə mənzilini 108 min manata satan fikrini dəyişib, xarici valyutanı daha etibarlı və qiymətli bilib mənzili bu həftə 110 min dollara satır, qiyməti bir tərəfdən hökumətin ani qərarı bahalandırıb, bir tərəfdən də özü. Fəvvarələr Meydanındakı mənzil isə 150 min manat olaraq qalır. Amma nədənsə mənzilin sahəsi "dəyişib", əvvəl 80 kv. m. idi, indi yuvarlaqlaşdırıb 100 kv. m. yazıblar. Bu özü də bir qədər maraq doğuran məsələdir. Qiyməti azalda bilməyib, sahəni artırmaq da bazardakı "tərəzi əməliyyatı"na bənzədi. Hökumət evinin yanında 10 mərtəbəli evin 8-ci mərtəbəsində 4 otaqlı, dənizə "baxan" mənzilin qiyməti 360 min manat, "Sahil" Metrosu yaxınlığında sahəsi 120 kv. m. orta təmirli mənzil isə 220 min manat olaraq qalır.  Satışa çıxarılan şəhərətrafı evlər, torpaq sahələri və qeyri-yaşayış sahələrinin də sayı azalıb. 19 elandan bu həftə cəmi 9-u qalıb. Burada da təkrarçılıq çox azdır. Ötən həftədən bu həftəyə "miras" 4 torpaq sahəsi qalıb. Biri Pirşağıdakı 0,23 ha torpaq sahəsidir ki, hər sotu 3000 manata təklif olunub və qiymət eynilə qalıb. İkincisi Binəqədidəki 0,03 ha torpaq sahəsidir və 15 min dollardır. Üçüncüsü Bilgəhdəki 0,10 ha torpaq sahəsidir, hər sotu 5 min manatdır. Axırıncı isə Türkanda təklif olunub, bir fərqi var ki, keçən həftə 0,12 ha 1500 manat idi, indi 1500 rəqəmi xarici valyuta ilə göstərilib.      Bu həftə satışa çıxarılan evlərin qiyməti yüksək olmaqla bərabər, eyni rayonlarda olan mənzillərin də satış qiymətində kəskin fərq var. Göründüyü kimi, mənzillərin satış qiymətində azalma yoxdur, 1-2 min manatlıq ucuzlaşmanı istisna etsək daha çox bahalaşma müşahidə edilir. Əvvəllər dollarla olan qiymətlərə baxanda mənzillər gözümüzə əlçatan görünürdü, indi nüfuzu artan xarici valyuta mənzil istəyənləri ondan xeyli uzağa atıb. (Bizim Yol)