Maide.az

Məhbusun öldürülməsinə etiraz edənlər ölümlə üz-üzə...

14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsinə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Mərhumun yaxınları onun ölümündə əli olan bir neçə nəzarətçinin adını çəkir ki, onların da hamısı bugünədək cəzaçəkmə müəssisəsində fəaliyyətini davam etdirir.   Elşad Babayevin cəsədinin fotolarından görünən işgəncə izləri görənləri dəhşətə gətirir. Buna baxmayaraq, 31 yaşlı insanın ölümünə görə məsuliyyət daşıyanların heç birinə indiyədək “gözün üstə qaşın var” deyən yoxdur. Amma Elşad Babayevin döyə-döyə öldürülməsinə etiraz edən məhkumlar hələ də işgəncə altındadır. Elşad Babayevin döyə-döyə öldürülməsinə etiraz edən məhbusların üzərinə qoşun yeridilib, onlar vəhşicəsinə döyüldükdən sonra bir qismi əsasən vərəmli xəstələr üçün nəzərdə tutulmuş 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş, orada cərimə otağında (kars) saxlanılmışdı. Həmin məhkumlar 14 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarılıb. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, hazırda həmin məhkumlar faktiki olaraq ölümlə üz-üzədir: “Elşadın öldürülməsinə etiraz edən 11 məhkumu ”tubzon"a köçürmüşdülər. Bir həftə əvvəl geri qaytarıblar, amma “zon”a buraxmayıblar. Onlar “kars”dadır. “Kars”ın divarı da, döşəməsi də, betondur. Ora salınanların əynindəki paltarları alıblar, yatmağa da heç nə verməyiblər. Orada istilik də yoxdur. Onlar orada donacaqlar".   Karsa salınan məhbuslardan Anar Quliyevin qardaşı Azər Quliyev “Azadlıq”a açıqlamasında bildirib ki, o, “kars”da xəstəxana paltarında saxlanılır: “Tubzon”da onlara xəstəxana paltarı verilmişdi. Indi “kars”da da o paltarla saxlanılırlar. Həbsxana işçiləri və rəis deyir ki, “kars”da otaq şəraitidi, istilik sistemi var. Yanvar ayının 10-da onlara iki aylıq cəza verilib. Martın 10-na kimi “kars”da saxlanılacaqlar. Karsda saxlanılmaqları “tubzon”dan yaxşıdı, ən azı, indi işgəncə verilmir. Anarla görüşəndə gördüm ki, “tubzon”dakından daha yaxşı idi, nisbətən özünə gəlmişdi".   “Tubzon”dan geri qaytarılan daha bir məhkumun adının çəkilməsini istəməyən qohumu deyir ki, baş verənlərlə əlaqədar Ədliyyə Nazirliyi yanında Ictimai Komitəyə müraciət ediblər, amma araşdırılmayıb: “Komitə üzvləri dedilər ki, vərəm olmayan məhkumun ”tubzon"a köçürülməsinin özü işgəncədir. Bizim uşaqlarımız vərəm deyil. Komitəyə getdik, bizə açıq-aşkar dedilər ki, bizim gücümüz çatmır. Ombudsman Aparatı da aciz qaldı. Beynəlxalq Qırmızı Xaç da... Bu adamlara dövlət pulu niyə ödəyir? Mədət Quliyev generaldır, biz də sıravi vətəndaş. Onun övladları da bir gün bizim övladlarımızın vəziyyətinə düşə bilər. Bu qədər haqsızlıq, Allahsızlıq olmaz. Bizim 1 yolumuz qalır. Nə yolla olursa-olsun, prezidentə sözümüzü çatdırmaq istəyirik, onun qəbuluna düşəcəyik. Uşaqlarımızı orada öldürürlər. Allah Elşad Babayevin başına o oyunları açanların analarını, bacılarını bizim kimi qapılarda çarəsiz qoysun. Bu cinayəti gizlədənlərin ana-bacısı da onlara şərik olsun".(Azadlıq)