Maide.az

Ölkə əhalisinin nə qədəri Bakıdadır?

Bakıda əhalinin sayı bu ilin əvvəlində ən yüksək həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin əvvəlində Bakının əhalisi 2 milyon 262 min nəfəri ötüb. Amma bu rəsmi rəqəmdir.   Bakıda rəsmi qeydiyyatda olmayan, amma uzun illər orada yaşayanlar da var.   Belələrindən biri Astara sakini Zülfiyyə Salmanova da 8 ildir ki, ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayır. Deyir ki, Astaradakı ev-eşiyini qoyub, iş dalınca Bakıya gəlməyə məcbur qalıblar:   “Orada yaşayış pis gündədir. Nə iş var, sosial yardımı da kəsiblər, uşaq pulu da vermirlər. Heç bir imkan yoxdur, acından ölür camaat. Gündəlik çörək pulu tapmaq olmur. Yoldaşım gəlib burda Təzə Bazar tərəfdə fəhləlik edir. 8 ildir kirayədə qalırıq. Astarada evimiz var, amma orda yaşamaq olmur. Heç fəhləlik etməyə də iş yoxdur”.   Halbuki, hələ 14 il öncə, 2004-cü ildə Azərbaycan hökuməti “regionların sosial-iqtisadi inkişafı” adlı dövlət proqramının icrasına başlamışdı. O zaman hökumət əsas məqsədinin bütün ölkə üzrə iqtisadiyyatın balanslı inkişafını təmin etmək olduğunu deyirdi.   Amma Azərbaycanın müxtəlif regionlarına səfər edərkən, qapısı qıfıllı, üzərində “satılır” elanları olan evlər diqqət çəkir. Yerli əhali isə işsizlik ucbatından, özəlliklə gənclərin köçüb getdiyini deyirlər.   Kəndlilərin söylədiyinə görə 14 ildir ki, hökumətin icra etdiyi dövlət proqramı və reallıq arasında ciddi təzad görünür. Məsələn, regionların sosial iqtisadi inkişafına dair dövlət proqramında vurğulanır ki, ötən 14 ildə regionlarda 1.8 milyon yeni iş yeri açılıb.   İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu proqramda deyilənlər reallığı əks etdirmir. Sadəcə olaraq, hökumət bundan təbliğat maşını kimi istifadə edir. Əks halda açılan iş yerləri göz qabağında olardı. Kəndlilər də iş üçün öz ev-eşiyindən didərgin düşməzdi.   Amma millət vəkili Vahid Əhmədov düşünür ki, Azərbaycan hökuməti bu axının qarşısını almaq üçün müəyyən işlər görür. Sadəcə olaraq, bu işlər axının qarşısını tam almağa kifayət eləmir:   “Ona görə də hökumət məcbur oldu “Regionların Sosial İqtisadi İnkişafı” ilə bağlı 3 proqram qəbul etdi. Məqsəd də deurabnizasiya, yəni, kəndlərə, rayonlara meyilliyi artırmaq idi. Bunun üçün də dövlət yeni iş yerlərinin açılması, infrasturuktur layihələrini gerçəkləşdirir. Mən düşünürəm ki, bu sahədə bir qədər işlər də görülüb. Amma bu işlər kifayət qədər deyil. İş yerləri ilə bağlı müəyyən problemlər var. Ona görə də bu proqramın 4-cüsü də qəbul edilə bilər”.   Vahid Əhmədov regionlardan paytaxta axının yaratdığı ən böyük problem kimi Bakıdakı tıxac göstərir. Bundan başqa güclü yağışlar zamanı paytaxtın küçələrinin su altında qalması da məhz əhalinin sıxlığı infrastrukturun nəzərdə tutulandan daha çox yüklənməsi ilə izah edir.   Millət vəkili Vahid Əhmədov deyir ki, urbanizasiya Azərbaycan hökumətinin həll etmək istədiyi əsas problemlərdən biridir. Bu məqsədlə hökumətinin yeni strateji yol xəritəsində regionlarda yeni sənaye parklarının, emal sahələrinin yaradılması, bir sözlə əhalinin məşğulluğunu artırmaq, qeyri-neft sektorunu inkişaf etdirməyi hədəfləyir.   Amma iqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu hədəflərə çata bilmək üçün inhisar, korrupsiya, məmur özbaşınalığı ilə mübarizə gücləndirilməlidir. Əks halda regionlarda yaşayanlar iş üçün ya xaricə, xaricə gedə bilməyənlərsə Bakıya üz tutmalı olacaq. /azadliq.org /