Maide.az

Laçının işğalından 25 il keçir

Bu gün Azərbaycanın Laçın rayonunun işğalından 25 il keçir.   Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər.   İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.   İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bütün tarixi-mədəniyyət abidələrinin talan edildiyi deyilir.   Bu rayonun əhəmiyyətli strateji mövqeyinin olduğu da bildirilir. Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında koridor rolunu oynayır.    Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.   1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.