Heydər əl-Abadi həbsxanada olan terrorçuların dərhal edamına çağırdı
İraqın baş naziri Heydər əl-Abadi ölüm kameralarında olan terrorçuların dərhal edamı barədə çağırış edib. FaktXeber.com-un məlumatına görə, bu barədə France Press xəbər verib. Siyasətçinin bu bəyanatı İŞİD terrorçularının 8 girovu vəhşicəsinə qətlə yetirməsindən sonra səslənib. BNO News bildirir ki, İraq həbsxanalarında hazırda 3 min terrorçu ölüm hökmünü gözləyir. Xatırladaq ki, İŞİD terror təşkilatı tərəfindən girov götürülən iraqlı hərbçilər Səlahəddin əyalətində ölü tapılıb. Terror təşkilatının ultimatumundan 2 gün sonra İraq ordusu edam olunmuş girovların cəsədini Tell əş-Şərəfdə aşkarlayıb. Qalıqlar elə halda olub ki, tanımaq mümkün olmayıb. Ehtimal edilir ki, edam partlayıcı maddələrin köməyi ilə həyata keçirilib. Girovların edam edildiyi barədə söz söhbət İŞİD-in terrorçu qadınların İraq həbsxanalarından azadlığı tələbi ilə qoyduğu müddətin bitməsindən sonra yayılmışdı. Bundan əvvəl İraq ordusunun nümayəndələri girovların edamına qədər terrorçuları tapma cəhdləri barədə bəyan etmişdilər. Bağdad İŞİD-lə danışıqları və onların tələblərini yerinə yetirməyi qəbul edilməz şərt adlandırmışdı. Onu da xatırladaq ki, iyunun 17-də İŞİD terror təşkilatı Bağdad-Kərkük yolunda pusqu quraraq 17 polis və şiə könüllülərini girov götürmüşdü. İŞİD terror təşkilatının xəbər agentliyi Amaq girov götürülən iraqlı polis və könüllülərinin videosunu paylaşmışdı. Rolikdə 6 girovun hər biri özünü təqdim etdikdən sonra azadlıqları üçün şərtləri açıqlamışdılar. Şərt İraq həbsxanalarında olan bütün terrorçu qadınların azad edilməsi və bu tələbin 3 sutka ərzində yerinə yetirilməsindən ibarət idi. Əks təqdirdə girovların edam olunacağı bildirilirdi.