`Həşd-Şabi`: Suriyada da İŞİD-lə döyüşməyə hazırıq
"Hazırda bizim qüvvələr Qəyyara rayonundan Təl-Afər şəhəri istiqamətində irəliləyir." "Sputnik"-ə istinadən verilən xəbərə əsasən, İraqın "Həşd Şabi" könüllü qüvvələrinin nümayəndələri Suriyada da İŞİD-ə qarşı mübarizə aparmağa hazırdı. Bu haqda "Həşd Şabi" tərkibindəki türkmən döyüşçülərin dəstə komandanı Əhmət Arslan bildirib: "Həşd Şabi" qüvvələri öz ölkələri və xalqı uğrunda terrorçulara qarşı mübarizə aparır. Əgər bizə rəsmi mənbələrdən müvafiq təklif gələrsə, biz Suriyada da İŞİD-ə qarşı müqavimət göstərməyə hazırıq. Biz terrorçularla onlar harada olurlarsa olsunlar mübarizə aparmağa hazırıq." Arslanın sözlərinə görə, hazırda "Həşd-Şabi"nin hədəfi İraq və Suriyadakı İŞİD terrorçuları arasındakı əlaqəni kəsməkdir. "Könüllülər Suriya və İraqda İŞİD terrorçuları arasındakı əlaqələri kəsmək məqsədilə atkiv şəkildə fəaliyyətə keçib. Hazırda bizim qüvvələr Qəyyara rayonundan Təl-Afər şəhəri istiqamətində irəliləyir. Biz artıq nəzərə çarpacaq qədər irəliləməyə müvəffəq olmuşuq. Əməliyyatın əsas hədəfi İŞİD terrorçularının Təl-Afərdən Suriyaya geri çəkilmə yollarını bağlamaqdır (qarşısını almaqdır - red.). Bu məqsədlə biz terrorçuların mühasirəyə alınaraq onların dar həlqədə sıxılması əməliyyatını həyata keçiririk. Terrorçular müqavimət göstərmirlər. Onlar sadəcə olaraq qaçırlar. Əvvəlki Tikrit və Fəllucə döyüşlərində də bu cür olub.", - deyə o əlavə edib. Onun məlumatına əsasən, Mosulun azad edilməsi əməliyyatında İraq ordusu ilə yanaşı "Həşd Şabi"nin tərkibinə daxil olan 18 dəstənin təxminən 45 min döyüşçüsü də iştirak edir. Əməliyyatda ümumilikdə təxminən 60 min əsgər iştirak edir. O qeyd edib ki, Təl-Afərin də azad edilməsi Mosulun İŞİD-dən təmizlənməsi prosesini daha da tezləşdirəcək. (islamazeri) /