Maide.az

Hərbçilərimizin Rusiya yük maşınını atəşə tutması xəbərinə rəsmi açıqlama

  Azərbaycan tərəfinin Rusiyaya məxsus yük maşınını atəşə tutması barədə məlumatlar düşmənin növbəti uğursuz təxribat cəhdidir. Bu barədə ANS PRESS-in sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.   Qeyd olunub ki, Ermənistanın bəzi kütləvi informasiya vasitələri Azərbaycan Ermənistan dövlət sərhədində Rusiyaya məxsus yük maşınının guya atəşə tutulması barədə gülünc, cəfəng məlumat tirajlayıblar: "Görünür ki, son vaxtlar iflasa uğrayan erməni hərbi və təbliğat sistemi Azərbaycan və Rusiya münasibətlərinin mehriban dost, qonşu, tərəfdaşlıq çərçivəsində olmasından və ikitərəfli əlaqələrimizin yüksələn xətlə inkişaf etməsindən həmişə olduğu kimi, yenə də narahatdır".   Nazirlikdən bildiriblər ki, erməni tərəfi dövlətlərimizin bu əlaqələrinə qısqanclıqla yanaşır, həsəd və qibtə hisslərini cilovlaya bilmədiklərindən məqsədyönlü surətdə törətdikləri hadisəni növbəti dəfə Azərbaycan tərəfinin üzərinə yıxmaqla guya öz aləmlərində bu münasibətlərə xələl gətirə biləcəklərini zənn edirlər: "Silahlı Qüvvələrimiz tərəfindən mülki sakinlər, qeyri-döyüş texnikası və obyektlərə heç vaxt atəş açılmayıb. Bu səbəbdən də yayılan məlumatların heç bir əsası yoxdur, yalandır və düşmən tərəfinin növbəti uğursuz təxribat cəhdidir".   Ermənilər birinci dəfə deyil ki, bu cür təxribat xarakterli xəbərlər yayırlar. Sahibi erməni Aram Qabrelyanov lifenews.ru elekton informasiya portalı bu ilin may ayında xəbər yaymışdı ki, Azərbaycan Silahlı Qüvvələri Tacikistanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimlərində iştirak edir.   Yayılan xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyi dərhal reaksiya vermişdi. Nazirlikdən bildirilmişdi ki, Tacikistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimlərində guya Azərbaycanın hərbi kontingentinin iştirak etməsi barədə Rusiyanın lifenews.ru elekton informasiya portalının yaydığı məlumat həqiqətə uyğun deyil. /