Maide.az

Eurohome yenə yandı - FOTO/VİDEO

Bakı şəhəri Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğının mayın 12-si saat təqribən 1 radələrində söndürüldüyü bildirilib.   Amma yanğının başvermə səbəbi, hələlik, açıqlanmır. Sahibkarlar, hələ də mağazalardakı mallarını daşımaqdadırlar.   Yanğının söndürüldüyü barədə xəbəri Fövqəladə Hallar Nazirliyinin rəsmiləri təsdiq ediblər:   "Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib", deyə qeyd edilib.   Bundan əvvəl verilən xəbərlərdə mayın 11-də “EuroHome” tikinti materialları bazarının ərazisində yanğın baş verdiyi bildirilirdi.   Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.   Məlumatda qeyd edilib ki, "112" qaynar telefon xəttinə, “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.   “Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.Hazırda yanğınsöndürmə işləri davam etdirilir”, qurum bildirib.   Hadisə şahidlərinin bildirməsinə görə, hazırda mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.   Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gəlib.   Qeyd edək ki, ötən il, dekabrın 10-da da «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi.   Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, o vaxt bazarın 5 hektar ərazisinin 2 hektarı yanmışdı.Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilirdi.   Sonradan bazarda təmir işləri aparılmışdı.