Maide.az

Erməni təbliğat maşınının təxribat xarakterli məlumatları öz işini görmüşdü

"Qarabağ müharibəsində birbaşa iştrak etmiş şəxs kimi etiraf edirəm ki, son 3 gündə yaşananlar o dövrlə müqayisədə dəhşətdir."   Maide.az-ın məlumatına görə, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.   O bildirib ki, Silahlü Qüvvələrimiz cəbhənin ayrı-ayrı istiqamətlərində böyük itkilərə məruz qalıb. Son 20 ildə bir gün ərzində bu qədər itki verməmişdik. İndi Müdafiə Nazirliyinin başbilənləri özlərini cəmiyyətin nifrətindən və qəzəbindən sığortalamaq üçün verdiyimiz itkiləri 3 günə bölüb, guya bu əvəzsiz şəhidlərimizi bir gündə deyil, bir neçə günə itirdiyimizi bildirib. Bütün bunların fonunda isə xeyli ziddiyətli məqamlara rast gəlirik. Bir qədər çaşqınlıq, rəsmi qurumların ilk günlərdə göstərdikləri bağışlanılmaz passivlik, imkan yaratdı ki, indi Azərbaycan vətəndaşları arasında bir müharibə xofu yaşansın. Tam ciddi deyirəm ki, son saatlarda təkcə ölkəmizin daxilində deyil, onun hüdudlarından çox-çox kənarda da insanlarda böyük narahatçılıq hissləri yaşanır. Erməni təbliğat maşınının ilk gündən sürətlə yaydığı dezinformasiyalar, həmçinin təxribat xarakterli məlumatlar öz işini görmüş oldu. Yalnız hadisələrin üstündən 3 gün keçəndən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) cəbhədəki vəziyyətlə bağlı rəsmi Bakının mövqeyini ifadə edən bəyanat səsləndirib.   Onun sözlərinə görə, son 3 gündə cəbhənin Tovuz, Qazax, Ağdam, Tərtər və digər hissələrində baş verən hadisələr, yəqin ki, bir qədər sonra bütün detallarına kimi müzakirə olunacaq. Düşmən bizə çox ağır zərbə vurub. Nər kimi oğullarımız xain gülləsinə tuş gəldilər. Allah onlara çox böyük bir imkan yaratdı ki, onlar Şəhidlik kimi uca zirvəyə ucaldılar. Ruhları şad olsun.   Ekspert Müdafiə Nazirliyinin vaxtından çox tez sərkərdə adını almış cavan general-mayoru Hikmət Mirzəyevə səslənib: "Bəlkə bir az qərarlarınızı ölçüb-biçəsiniz? Axı bu sizin neçənci özfəaliyyətinizdir ki, Azərbaycan xalqına sonsuz kədər və göz yaşları gətirir... İnanmaq istərdim ki, ölkə başçısı, Ali Baş Komandanı kimi müdafiə naziri və digər generallardan baş vermiş faciə ilə əlaqədar ciddi hesab soranda, adını qeyd etdiyim generalı da "mükafatlandıracaq."