Maide.az

Dollar krediti sahibkarlara da problem yaradır

«Əhalinin dollarla götürdüyü kreditlərin qaytarılmasında problemlər var. Hökumət güzəştə getmir, borclular da ödəmir».   «Yeni Müsavat» qəzeti problemli kreditlər mövzusunu belə dəyərləndirir. Məqalədə deputat Vahid Əhmədovun fikirlərinə də yer verilib: «Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir».   Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri Süleyman Kələşov isə qəzetə deyib ki, bu kreditlər sahibkarlar üçün də problem yaradır: «Odur ki, bu məsələ ilə bağlı müəyyən qərar qəbul edilməsi vacibdir». Onun fikrincə, indiki halda kreditlərin dollarla 30, manatla 70 faizinin verilməsi daha məqsədəuyğundur.   Məqalədə qeyd edilir ki, atıq əhali də bu məsələdə fəallaşıb. Dollarla kredit borcu olan 27 şəxs birləşərək müştərisi olduqları bankı məhkəməyə veriblər: «Manatın devalvasiyasından sonra bankdan götürdüyü dollar kreditlərini ödəməkdə çətinlik çəkən onlarla adam «Antikollektor» şirkətinə üz tutub və biz bu məhkəmələri ictimailəşdirəcəyik». Bunu isə qəzetə əmanətçilərə hüquqi məsləhətlər verən Əkrəm Həsənov deyib.