Maide.az

Cəlilabad rayonu Mərkəzi məscidində həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm məclisi keçirilib - FOTO

Cəlilabad rayonunun Mərkəzi məscidində fəzilət, iffət və ismət nümunəsi olan həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadəti münasibətilə matəm məclisi keçirilib.    Maide.Az xəbər verir ki, Mərkəzi məsciddə Ruhani Rza Şükürlünün imamətliyi ilə şam və işa namazları qılındıqdan sonra Əhli-beyt (ə) aşiqləri həzrət Peyğəmbərin (s) gözünün nuru, iki dünya xanımı həzrət Fatimeyi-Zəhranın (s.ə) əza məclisində iştirak edib.    Məclisdə çıxış edən ruhani Rza Şükürlü həzrət Fatimənin (s.ə) həyat və fəzilətindən məclis iştirakçılarına məlumat verib.    Ruhani R. Şükürlü xanım Zəhranın (s.ə) bir neçə mühüm məsələdə mehvər olduğundan danışıb.    O, həzrət Zəhranın (s.ə) varlıq və imkan aləminin yaradılışında və ilahi mərifətdə mehvər olduğunu bildirib.    Ruhani R.Şükürlü bildirib ki, Peyğəmbərdən (s) bir hədis var buyurur ki, hər kəs xanım Fatiməni (s.ə) tanısa, “Qədr” gecəsini dərk edib. Fatimənin “Fatimə” adlanmasının səbəbi budur ki, insanlar onun həqiqətini dərk etməkdən acizdirlər.   Ruhani əlavə edib ki, Allahın razılığı və qəzəbində də xanım Zəhra (s.ə) mehvərdir. Peyğəmbər (s) buyurur ki, həqiqətən Allah Fatimənin (s.ə) razılığı ilə razı və qəzəblənməsi ilə qəzəblidir.    O, daha sonra xanım Fatimənin (s.ə) dua, raz-niyaz, təvəssül və ilahi məhəbbətdə də mehvər olduğunu bildirib.