Maide.az

Bu gün Xədicə İsmayılova məhkəmədə son söz söyləyəcək

Avqustun 31-də AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edəcək.   O, son sözə hazırlaşmaq üçün bir həftə vaxt istəsə də, hakim bununla razılaşmayıb, həmin müddəti 5 günə endirmişdi.   Xədicə İsmayıl da, vəkilləri də məhkəmədə ittihamları qəbul etməyiblər.   Avqustun 26-da müdafiə nitqi ilə çıxış edən vəkillər jurnalistə irəli sürülən 5 ittihamın sübuta yetirilmədiyini bildiriblər, ittihamı saxta, qərəzli adlandırıblar və Xədicə İsmayıla bəraət verilməsini tələb ediblər.   Dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.   Avqustun 31-də Xədicə İsmayılla bağlı hökm olacağı gözlənir.   Bu arada bir sıra beynəlxalq qurumlar da jurnalistin hakim ailənin biznesini araşdırdığı üçün həbs olunduğunu bildirir və onun azadlığa buraxılmasını tələb edirlər.