Maide.az

BMT Tramp-ın Qüds qərarıyla bağlı fövqəladə toplantı keçirəcək

Dekabrın 21-də BMT-nin Baş Assambleyası fövqəladə toplantı keçirəcək.   Bu iclas ərəb və müsəlman ölkələrin xahişiylə ABŞ prezidenti Donald Tramp-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımaq qərarına həsr olunur.   Fələstinin BMT-dəki elçisi Riyad Mansour deyib ki, assambleyanın 193 üzvü Tramp-ın bu qərarını ləğv etməyə çağıran qətnaməni səsə qoyacaq.   ABŞ dekabrın 18-də BMT Təhlükəsizlik Şurasına çıxarılan oxşar qətnaməyə veto qoymuşdu.   Mansour qətnamənin “çoxluğun dəstəyini” qazanacağına ümidini bildirib. Səsvermənin məcburi hüquqi qüvvəsi olmasa da, siyasi çəkisi var.   ABŞ-ın səfiri Nikki Haley Twitter-də xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Amerika xalqının Qüds seçiminə qarşı səs verənləri yadda saxlayacaq   Assambleya sonuncu dəfə oxşar toplantını 2009-cu ildə Qüdsün işğal olunmuş şərqi və Fələstin torpaqlarıyla bağlı keçirib. 21 dekabr iclası da həmin sessiyasının davamı sayılır.   Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biri kimi ABŞ öz istəyinə qarşı olan layihələrə veto qoyur. Ona verilmiş bu müstəsna “hüquq” isə BMT-nin nə qədər “demokratik” bir qurum olduğunu ortaya qoyur.   İşğalçı İsrail  rejimi Qüdsü  tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.   Trump-ın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.   50-dən çox müsəlman ölkəsi Trump-ın qərarına birgə bəyanatla etiraz bildirib.(azadliq.org)