Maide.az

Bloqqerin yoxa çıxdığı bildirilir

Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.   NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.   "Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür", – Ü.Həsənli yazır.   M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin "Sancaq" səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb:   "Ötən gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib".   Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazır: "Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm... Sübh tezdən axtarışları davam etdirəcəm".   Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.   Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi. (azadlıqradiosu) /