Maide.az

`Binə` ticarət mərkəzində aksiya başa çatdı, əksəriyyət dükanı bağlayıb evinə getdi- Yenilənib - FOTO

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilib. Aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən sahibkarlardır.    Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4-cü sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.    Şikayətçi sahibkarların musavat.com-a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".    Daha sonra əraziyə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova gəlib və açıqlama verərək bildirib ki, qiymətlərin artımı və ya azaldılması onların səlahiyyətində deyil: "Qiymətlərə biz nəzarət etmirik. Biz mağazaları sahibkarlara vermişik. Kirayə haqqını onlar müəyyən edir. Yaxın vaxtlarda həmin sahibkarları bir yerə toplayıb məsələni müzakirə edəcəyik", - deyə ticarət mərkəzinin sahibi bildirib.   Kəbirə Məmmədova mağaza işlədənlərlə görüşdükdən sonra dinc aksiya başa çatıb.   "Binə" ticarət mərkəzində olan əməkdaşımızın verdiyi məlumata görə, tacirlərin dükan bağlama aksiyası başa çatıb. Onlardan bəziləri dükanlarını yenidən açaraq, fəaliyyətə başlayıblar. Böyük hissəsi isə işləmək istəmədiklərini bildirib, evlərinə gediblər. Onların etirazlarına səbəb, icarə haqqının çox olması, gömrük rüsumlarının artmasıdır.