Maide.az

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb.   Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.   Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.   Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.   2018-ci il yanvarın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.   Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.   Tibbi-meteoroloji proqnoza görə, dekabrın 30-31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.   Dekabrın 31-də əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.   Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.     XƏBƏRDARLIQ    Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.   Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.   Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.   Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.