Maide.az

Bayrama bir ay qaldı, çərəzlər bahalaşdı...

Satıcılar qiymətlərin artacağını anons edir; iqtisadçı ekspert isə daha bir səbəbdən danışdı   Novruz bayramının gəlməsinə hələ bir ay qalmasına baxmayaraq, artıq qoz, fındıq və digər çərəzlərin qiymətində bahalaşma müşahidə edilir. Hər il bayram, qabağı ənənə halını alan bahalaşma bu dəfə, deyəsən, özünü daha tez göstərdi. Məhz bu bahalaşmaya görədir ki, əksər vətəndaşlar bayram alış-verişini daha tez, bayrama bir ay qalmışdan etməyə başlayıb.   Qiymət artımına yol verən bəzi işbazlar da bilir ki, Novruz bizim xalqın sevdiyi bayramlardan biridir. Buna görə də sosial vəziyyətindən asılı olmayaraq demək olar ki, bütün ailələr büdcələrinə uyğun bayram süfrəsi açmağa çalışır. Bu bayramı müxtəlif şirniyyatlardan ibarət Novruz simvollarından sayılan xonçasız təsəvvür etmək mümkün deyil. Novruz bayramının əsas atributlarından biri də şəkərbura və paxlavadır ki, onlar da qoz və fındıqdan hazırlanır. Həmçinin digər çərəzlər də bayram süfrəsində öz yerini alır. Buna görə də bir çox insanlar xarab olmayan çərəzləri daha ucuz almaq üçün mağazalara və bazarlara üz tutur.   Biz də çərəzlərin qiymətləri, alıcılıq qabiliyyəti ilə daha yaxından tanış olmaq, həmçinin bu bahalaşmanın səbəblərini öyrənmək üçün bir neçə market və bazara baş çəkdik. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, market və bazarlarda canlanma yaşanırdı. Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub-daşırdı. Alıcılara yerli çərəzlərlə yanaşı xaricdən gətirilən çərəzlər də təklif edilir. Təbii ki, yerli və xarici çərəzlərin qiyməti bir-birindən fərqlənir. Hər zaman olduğu kimi ləpələr qabıqlı çərəzlərə nisbətən baha satılır.   Məsələn, yerli məhsul olan qoz ləpəsinin qiyməti 12-23, fındıq ləpəsi 10-15, badam isə 15-20 manat arasında satılır. Xaricdən gətirilən qozların qiyməti isə 30-35 manat arasında dəyişirdi. Kişmiş 8-16 manat, fıstıq 16-33 manat, qaysı 14-16 manat arasında, albuxara 8, gavalı qurusu 8-12, alça qurusu 9, quru badam 12, alma qurusu 9, turş gilas və çiyələk qurusu isə 16 manata təklif edilir.   “8-ci kilometr” bazarının satıcısı Fərid Əliyev bayramqabağı qiymətlərin daha da qalxdığını dedi: “İndidən çərəz, qoz, fındıq alanlar, məncə, uduzmazlar. Çünki axır çərşənbədən qiymətlər ən azı 10 faiz artacaq. Ona görə də xarab olmayan çərəzləri indidən almağı məsləhət görərdim. Daha çox yerli çərəzlər satılır. Xaricdən gətirilənlər yerli çərəzlərə nisbətən bahadır. Xaricdən gətirilən çərəzlər daha çox Ukrayna, Türkiyə və Özbəkistandan gətirilir ki, bu çərəzlərin qiyməti 30 manatdan başlayır. Bunların yerli çərəzlərdən fərqi dadında və iriliyindədir. Məsələn, xaricdən gətirilən qozlar daha ağ və iri görünüşlüdür”.   Alıcılar isə qiymətlərin hələ ki nəzərəçarpacaq dərəcədə bahalaşmadığını düşünür. Bakı sakini Sədaqət Məmmədova digər ərzaq məhsullarında hələ ki elə də çox artım müşahidə etmədiyini dedi: “Ləpələrin, çərəzlərin qiyməti həmişə baha olub. Düzdür, indi daha da bahalaşıb. Ancaq digər ərzaqların qiyməti hələlik artmayıb. İndidən düyü, şabalıd kimi ərzaqları alıb evə qoyuram. Şəkərbura, paxlava bişirmək üçün qoz, fındıq da aldım. İndidən alıram, çünki bilirəm ki, bayrama sayılı günlər qalanda bunlara yaxınlaşmaq mümkün olmayacaq”.   İqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının həm də xaricdən gətirilən məhsulların həcmi və keçidi ilə bağlı olduğunu dedi: “Bahalaşmaya bir tərəfli yanaşmaq düzgün olmazdı, bu, hər şeylə əlaqəli ola bilər. Bu, həm də Azərbaycanın pis ənənəsi ilə bağlıdır ki, hər bayram qabağı qiymətlərdə ciddi artım müşahidə edilir. İllərdir belədir. Əsasən də Yeni il və Novruz bayramı qabağı qiymətlərdə həmişə artım müşahidə olunub. Qiymət artımı həm də xaricdən gətirilən məhsulların həcmi, keçidi ilə bağlıdır. Nə qədər qəribə səslənsə də, son zamanlarda gömrükdə şəffaflığın, yəni keyfiyyətin artması qiymətlərin də artmasına səbəb olub. Əvvəllər müxtəlif sxemlərlə ölkəyə gətirilən məhsullar gömrükdən keçirilərkən müəyyən danışıqlar nəticəsində daha az ödənişlər olurdusa, indi gömrüyün işində müəyyən dönüş yaranıb və rəsmiləşmə artıb. Rəsmiləşmə artdıqca da mal gətirənlər daha çox ödəniş etməyə məcbur olur. Nə qədər çox ödəyirlərsə, ödədikləri vəsaiti qiymətini üzərinə gəlirlər. Yəni bu bir çox məsələlərlə, həm də gözləntilərlə bağlıdır. Hər kəs bilir ki, Novruz bayramına olan münasibət, sevgi Azərbaycanda çox yüksək səviyyədədir. Hətta ən kasıb insanlar belə bazarlıq edib Novruz süfrəsini açmağa çalışır. Bu da tələbatın artmasına səbəb olur. Tələbatın artması da qiymətin artması ilə müşahidə olunur. Yəni qiymət artımı bir neçə səbəbdən doğur. Təəssüf ki, artıq Azərbaycanda bu pis bir ənənəyə də çevrilib ki, hər bayramdan öncə qiymət artımı müşahidə edirik”.(Musavat.com)