Bakıda taksi istifadəçiləri 40 % azalıb
Bakıda taksidən istifadə edənlərin sayı təxminən 40 % azalıb. Maide.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında taksi kirayəsi ilə məşğul olan firmanın rəhbəri Nazim Bəkdəmirov bildirib. Onun sözlərinə görə, əvvəllər taksi kirayələmək istəyən şirkətlər hətta depozit qoyub aylarla növbə gözləyirdilər. Hazırda isə taksi olsa da, şirkətlər sifariş etmirlər. Nazim Bəkdəmirov bunu bir neçə amillə izah edib. Onun fikrincə, əsas səbəblərdən biri son vaxtlar köhnə maşınların taksi kimi istifadəsinin genişlənməsidir. Əvvəllər yalnız 5-10 illik təzə avtomobillər taksi kimi fəaliyyət göstərə bilirdi. Amma Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartına görə, artıq istehsal tarixi 15 ilə kimi olan avtomobillər də taksi fəaliyyəti göstərə bilir. Nəticədə xeyli sayda köhnə “Jiquli” avtomobili taksi kimi fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda taksi fəaliyyətinə nəzarətin nəqliyyat müfəttişlərinin səlahiyyətindən alınması və yeni taksi lisenziyalarının verilməsində hələlik fasilə yaranması köhnə avtomobil sahiblərinə xüsusi sərbəstlik verib. “Polislər, mühafizəçilər və müdir sürücüləri də taksi sürür” Bundan başqa, növbəli iş rejimində çalışan polislər, mühafizəçilər və idarə müdirlərinin sürücüləri də boş vaxtlarında taksi kimi fəaliyyət göstərirlər. Digər tərəfdən isə şadlıq saraylarının qarşısında dayanan taksilər şirkətlərin işinə mənfi təsir göstərir. Belə ki, məhərrəmliklə bağlı şadlıq sarayları işləmədiyindən belə taksilər şəhər ərazisində gəzərək müştəri axtarışına çıxırlar. Nəticədə yol kənarında, dayanacaqda şirkət taksilərini sifariş edənlər 80-90 % azalıb. Taksi şirkətləri sifarişlərinin xeyli hissəsini telefon zəngləri və internet vasitəsilə qəbul edilir. /