Maide.az

Bakıda bəzi avtobusların xəttə buraxılması qadağan ediləcək

Əgər Olimpiya Oyunları dövründə sərnişindaşıma ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs, sahibkar verilən tapşırığı yerinə yetirməsə, onların lisenziyası ləğv ediləcək, işlər onların öhdəsindən layiqincə gələn sahibkarlara həvalə olunacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.   Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəhbərliyi tərəfindən fevralın 11-də geniş müşavirə keçirilib. İclasda birmənalı şəkildə qeyd edilib ki, Olimpiya Oyunları zamanı xidmət göstərəcək və sərnişindaşıma ilə məşğul olan nəqliyyat və qeyri-nəqliyyat vasitələri texniki cəhətdən saz, tam təmirili, sürücülər isə xüsusi geyim formasında olmalıdırlar.   Ə.Səfərov qeyd edib ki, bununla bağlı həmin nəqliyyat vasitələrinə baxış keçiriləcək: “Onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün martın 6-dək vaxt vermişik. Sonra nəqliyyat vasitələri İdarədə təşkil olunmuş komissiya tərəfindən bir-bir yoxlanılacaq. Avtomobillərin xarici görünüşü, içi, oturacaqları, işləmə mexanizmi və s. detallarınadək gözdən keçiriləcək. Bəzi ortatutumlu avtomobillər var ki, onların vəziyyəti bizi qane etmir. Onların xəttə buraxılması qəti şəkildə dayandırılacaq”.