Maide.az

Azərbaycandan ilk zəvvar qrupu Həccə yola düşüb

Azərbaycandan bu gün zəvvarların Həcc ziyarəti başlayıb.   Maide.Az xəbər verir ki, APA-nın məlumatına görə, azərbaycanlı zəvvarları aparan ilk təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.   Növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-də həyata keçirilməsi nəzərdə tutulur.   Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.   Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedirlər.   Sentyabrın 19-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.   Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manat bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.   Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.