Maide.az

Azərbaycanlı zəvvarlara Həcc ziyarəti üçün vizaların verilməsi vaxtı açıqlanıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün vizaların verilməsi əvvəlki illə müqayisədə nisbətən gec başlayacaq.   Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, vizalar iyulun 10-dan etibarən veriləcək.   Buna səbəb Səudiyyə Ərəbistanı Krallığının vizaların verilməsi ilə bağlı apardığı yazışmalardır.   Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. QMİ-dən onu da bildiriblər ki, hər iki ziyarət növü üçün nəzərdə tutulan yerlər artıq dolmaq üzrədir. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. /