Maide.az

Azərbaycana donuz qripi təhlükəsi ciddiləşir

Qonşu ölkələrdə bu virusla yoluxanların sayı artıb; Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib Azərbaycanla sərhəd ölkələrinin əksəriyyətində donuz qripi yayılmağa başlayıb. Təkcə İranda son üç ayda 112 nəfər bu virusa yoluxaraq dünyasını dəyişib, 1190 nəfərdə isə xəstəliyinin əlamətləri aşkarlanıb.    Bu barədə İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəlikləri nəzarətdə saxlama mərkəzinin rəisi Məhəmməd Mehdi Quya mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə ölkənin bəzi əyalətlərində adı çəkilən xəstəliyin yayılmasının qarşısı qismən alınsa da, bir sıra əyalətlərdə bu epidemiya sürətlə yayılmaqdadır. Artıq İran həbsxanalarında da bu virus yayılıb. Bu günlərdə bir məhbusun donuz qripi xəstəliyindən dünyası dəyişdiyi bildirilir.   Azərbaycanlıları daha çox gediş-gəliş etdiyi ölkə olan Türkiyədə də bu xəstəlikdən dünyasını dəyişənlərin sayı getdikcə artır. Təkcə yanvarın 9-da 3 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə isə 16 nəfər xəstəliyin qurbanı olub. Türkiyədə virusa yoluxanlar arasında məşhurlar var. Belə ki, Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyda donuz qripi aşkarlandığı rəsmən təsdiqlənib. Türkiyə mətbuatında yayılan məlumata görə müğənninin anası və sürücüsü də xəstəliyə yoluxub. Qonşu Gürcüstanda da təkcə bir ayda 7 nəfər donuz qripinə yoluxub. Gürcüstanda 2010-cu ildə 30 nəfər bu xəstəlikdən dünyasını dəyişmişdi.  Ermənistanda isə  donuz qripinə yoluxanların sayı daha çoxdur. Rəsmilər bildirirlər ki, son günlər 4 nəfər virusun qurbanı olub. Ölkənin xəstəxanalarında çoxlu sayda virusa yoluxanlar var, onlar arasında  150 nəfər uşaq, 120 nəfər isə hamilə qadın var.   Sərhədlərdə yaranan bu təhlükə ölkəmizdə ciddi narahatlıq doğurub. Sözü gedən xəstəlik Azərbaycana nə qədər təhlükə vəd edir? Xəstəliyin ölkəmizdə yayılmaması üçün profilaktik tədbirlər görülürmü? Əhali virusdan necə qorunmalıdır?   Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuata açıqlamasında bildirib ki, yaranmış vəziyyət ilə əlaqədar Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Bütün sərhəd keçid məntəqələri uzun illərdən bəri lazımi termoqurğularla təchiz olunmasına baxmayaraq məntəqələrə DGK-nin tərkibindəki həkim briqadaları da cəlb olunub. Səhiyyə Nazirliyindən də bildirilib ki, ölkəmizdə bu virusa yoluxma faktı hələ ki, aşkarlanmayıb, epidemioloji durum sabitdir və məsələyə ciddi şəkildə nəzarət olunur.    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuatla əlaqələr departamentinin rəhbəri Yolçu Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  ölkədəki donuzçuluq təsərrüfatları daim nəzarətdə saxlanılır: “Ölkədə 7 min baş donuz saxlanılır, onların da arasında nə donuz qripi, nə də Afrika taunu qeydə alınmayıb. Heyvanlar arasında geniş yayılan qarayara, dabaq və digər xəstəliklər də aşkarlanmayıb. Yəni təsərrüfatlarımız tam sağlam vəziyyətdədir. Heyvanlar sahəsində bütün lazımı tədbirlər görülüb. Artıq bu günlərdə həm iri, həm xırda, həm də təkdırnaqlı heyvanlar, eləcə də donuzlar arasında müxtəlif baxış tədbirləri həyata keçirilməsinə start verilib”.   Tibb elmləri doktoru Adil Qeybulla qonşu ölkələrdə yaranmış vəziyyətin Azərbaycan üçün çox böyük təhlükə olduğunu bildirib: “Qətiyyən arxayınlaşmaq olmaz. Çünki insanlar tez-tez sərhəd ölkələrinə gedib-gəlirlər. Miqrantlar xəstə adamlardan çox asanlıqla xəstəlikləri ölkəmizə daşıya bilər. Buna görə sərhəd məntəqələrində ehtiyat tədbirləri daha da gücləndirilməli, yuxarı tənəffüs yolu xəstəliyi olan hər bir şəxs mütləq ciddi şəkildə yoxlanılmalı, karantinə keçirilməli, yalnız bundan sonra ölkəyə girişinə icazə verilməlidir. Ümumiyyətlə ”donuz qripi" təhlükəli xəstəliklərdən biri sayılır. Azərbaycanda isə rəsmi məlumata görə hələ ki, adı çəkilən xəstəliyə yoluxan qeydə alınmayıb. Təəssüflər olsun ki, bəzən açıqlamalar da reallığı əks etdirmir.    Bir neçə il öncə dünyada “quş qripi” virusu yayılanda Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana köməklik edərək xüsusi laboratoriyalar vermişdi. Lakin indi bu cür operativ tədbirlər görülmür. Beləliklə Azərbaycanda bu virusun yayılma təhlükəsi qalmaqda davam edir".   Adil Qeybulla sözü gedən xəstəliyin əlamətləri və ondan qorunmağın yollarından da bəhs edib: “Xəstəlik əlamətləri bundan ibarətdir- insan bu zaman özünü yorğun və əzgin hiss edir, boğazı qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Bu zaman dərhal həkimə müraciət olunmalı, xəstəlik aşkarlanarsa həmin xəstə insanlardan təcrid olunmalı və dərhal yataq rejiminə keçirilməlidir. Xəstəlik hava yolu ilə bir insandan digərinə keçir. Xəstəlikdən uzaq gəzmək üçün insanlar şəxsi gigiyena qaydalarına düzgün əməl etməli, əllərini sabunla yumalı, spirtlə silməli, xüsusi maskalardan istifadə etməli, vitaminlər qəbul etməlidirlər”.   İlk dəfə dünyada “donuz qripi” 2008-ci ildə Meksikada aşkarlanıb. La-Qloriya kəndində yaşayan 5 yaşlı Edqar Ernanades donuz ferması yaxınlığında adı çəkilən xəstəliyə yoluxub. Bunun ardınca isə dünyanın 135 ölkəsində 134 mindən çox insan bu xəsətliyə yoluxub və onların da 800-ə yaxını dünyasını dəyişib. Xəstəliyin qurbanları daha çox ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada qeydə alınıb.musavat /