Azərbaycana külli miqdarda saxta dollar keçirmək istəyən şəxs saxlanılıb
21 yaşlı Gürcüstan vətəndaşı Azərbaycan-Gürcüstan “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Azərbaycan tərəfə saxta dollar keçirmək istəyərkən saxlanılıb. Maide.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, adı açıqlanmayan Gürcüstan vətəndaşının üzərindən 194,4 min saxta dollar əsginasları aşkar edilib və əşyaya-dəlil kimi götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb. Gürcüstan DİN-nin məlumatına görə, Gürcüstan CM-nin 212 maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əsginasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanılıb, araşdırma aparılır. Saxlanılan şəxsin günahı sübut olunarsa, o, 4 ildən 7 ilədək azadlıqdan məhrum olunacaq.