Azərbaycandan Rusiyaya gedən sərnişin qatarlarının hərəkəti dayandırılır
Dekabrın 16-da Şimal istiqamətdə hərəkət edən “Rusiya Dəmir Yolları” ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentindən məlumat verilib. Belə ki, “Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən, dekabrın 16-dan etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, dekabrın 18-dən etibarən 374/373 №-li Tümen-Bakı, dekabrın 20-dən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcək. /