Ayətullah Xamenei ABŞ–ın danışıqlar siyasətinin məqsədlərini açıqladı
“Bu gün ABŞ zəifləyərək vəhşiləşmiş canavar sifəti alıb. İran isə onun müqabilində qüdrətlə dayanaraq imperializmin ölkəmizə yenidən nüfuz etməsinə imkan vermir.” Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bunu bu gün Ali Rəhbər Ayətullah Xamenei 13 Aban (4 noyabr) – Dünya İmperializminə Qarşı Milli Mübarizə günü münasibətilə minlərlə şagird və tələbələrlə görüşündə deyib. Ayətullah Xamenei bildirib ki, ABŞ tərəfi İranla düşmənçilik tarixinin 1979-cu il İnqilabı zamanı səfirliyə hücumla bağlayır. “ABŞ-ın İran xalqına qarşı düşmənçiliyi bundan daha çox əvvələ gedib çıxır. Onlar tarix boyu zahirdə İranla “dostluq” nümayiş etdirsələr də həqiqətdə düşmənçilik ediblər. Məhz 1332-ci il 28 mordad çevrilişi uzun illər mövcud olan bu düşmənçiliyi üzə çıxartmış oldu. Xalq ABŞ-ın həqiqi simasını məhz həmin gün gördü. Bu günə qədər də ABŞ-ın əvvəlcədən tutduğu siyasi mövqe – hegemonluq, pisliklər və diktatura azalmayıb, əksinə daha vəhşiləşmiş forma alıb.” Ayətullah Xamenei ötən 41 il ərzində ABŞ-ın İrana qarşı hədə, çevriliş , sanksiya, milli azlıqların qızışdırılması, separatçılıq, iqtisadi mühasirə və s kimi atdığı addımları sadalayıb və bildirib ki, bu müddət ərzində onlar nə bacarırdısa etdilər, əlbətdə biz də onların qarşısında bacardığımız hər bir işi etdik və çox vaxt rəqibi elə rinqin güncünə qısnadıq . İranın ABŞ-a qarşı çıxmasının möhkəm məntiqi əsasının olduğunu deyən Ayətullah Xamenei bildirib ki, bu qayda ABŞ-ın İrana yenidən nüfuzunun yolunu bağlayır, İranın dünyada gücünü və qarşı tərəfin isə içi boş olduğunu göstərir. “ABŞ rəsmiləri dünya dövlətlərinin rəhbərləri ilə görüşərkən onlara minnət qoyurlar, amma uzun illərdir İran rəsmiləri ilə danışıqlara israr edirlər lakin biz bunu qəbul etmirik. Bu məsələyə dözmək xalqımızın düşmənləri üçün ağrıdır. Çünki bu sübut edir ki, dünyada elə bir hökumət var ki, ABŞ-ın beynəlxalq diktəsi, qəsbkarlığını və güc dilini qəbul etmir.” Bəzilərinin düşüncəsinin əksinə olaraq ABŞ-la müzakirələrin heç bir fayda verməyəcəyini bildirən Ayətullah Xamenei bu məkirli siyasətin məqsədini açıqlayıb. “Onlar İran rəsmilərini masaya gətirməklə maksimum sankiyanın “nəticə veridiyini” və İranın da ABŞ qarşısında diz çökdüyünü nümayiş etdirmək istəyirlər. Amma bu heç zaman baş verməyəcək. ABŞ istəyir ki, İranın bu gün sahib olduğu 2000 kilometrlik mənzilli raketlərini 150 kilometrlik hədəf vurmaya qədər endirsin. Bütün müzakirələr də məhz ölkənin hərbi gücünün zəiflədilməsinə yönəlib.” Fransa prezidentinin vasitəçilik edərək cəmi bir görüşdə İran və ABŞ problemlərinin həll olunacağı fikrinə münasibət bildirən Ayətullah Xameni qeyd edib ki, o ya sadəlövhdür, ya da birbaşa ABŞ-ın diktəsi ilə hərəkət edir. “ Bir müddət əvvəl mən demişdim ki, əgər ABŞ bütün sanksiyaları ləğv etsə onlarla danışıq masasına otura bilərik. Amma əvvəldən əmin idim ki qarşı tərəf buna getməyəcək. Sadəcə hər kəsin bunu əyani şəkildə görməsi və dərk etməsi üçün bu addımı atdım. Nəticə isə elə əvvəldən düşündüyüm kimi oldu.” ABŞ-ın İrandan tələblərinin sərhəddinə toxunan Ayətullah Xamenei qeyd edib ki, bu istəklər bitib-tükənən deyil. “Bu gün onlar İrandan regionda təsir qüvvəsini azlatmağı, hərbi sənayeni məhdudlaşdırmağı və s. istəyirlər. Amma əsas hədəf İranı İnqilabdan əvvəlki kimi özləri üçün kölə vəziyətinə qaytarmaqdır. Bir daha bəyan edirəm ki, İslam Respubliasının möhkəm iradəsi bunun baş verməsinə heç vaxt imkan verməyəcək”. Ayətullah Xamenei buraxılmış səhvləri təkrarlanmamağı və avropalıların vədinə inanmamağı tövsiyə edib və bildirib ki, bu gün ölkədə mövcud iqtisadi durumu – bahalıq, infiliasiya, milli valyutanın dəyərinin azalması və s. müsbətə doğru dəyişmək üçün yol daxili istehsal gücünün artırılmasıdır.