Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi - FOTO
Əfqanıstan şiələrinin təqlid mərcəsi və Əfqanıstan Şiə Alimləri Şurasının rəisi mərhum Ayətullah Şeyx Məhəmməd Asif Möhsininin dəfn mərasimi keçirilib. Maide.Az xəbər verir ki, dəfn mərasimi ötən gün Kabildə təşkil olunub. Mərhum Kabildə təsis etdiyi "Xatəmun-Nəbiyyin" universitetinin həyətində dəfn olunub. Qeyd edək ki, mərhum Ayətullah Möhsini avqustun 5-də 84 yaşında vəfat edib. O, 1314-ci hicri-şəmsi ilində (1935 miladi) Qəndəharda dünyaya gəlib. Şeyx Asif Möhsini İslam dünyasının Seyid Möhsin Həkim və Əbul-Qasim Xoi kimi böyük alimlərinin hüzurunda elm öyrənib. Onun "Mötəbər Hədislər Toplusu" və "Rical Elmində Məsələlər" kimi dəyərli əsərləri yadigar qalıb. Mərhum Ayətullah Möhisini Əfqanıstan Şiə Alimləri Şurasının rəisi, Kabildə Ali Dini Elmi Hövzənin təsisçisi, Kabildə "Xatəmun-Nəbiyyin" universitetinin təsisçisi və eləcə də Ümumdünya Əhli-Beyt Cəmiyyətinin Ali Şurasının üzvü olub.