Maide.az

Ana və təzə doğulmuş körpəyə iki uyğun baxış

Dünyanın ən kamil dini olan İslamda uşaq və ana barədə kifayət qədər göstərişlər buyurulub, hətta bəzən təkid olunub. Bu yazıda biz övladın böyüməsində və onun gələcək həyatında əhəmiyyətli rol oynayan südvermədən bəhs edəcəyik. Öncə tibb elminin bu barədə göstərişlərinə diqqət edək.   Tibb elmi buyurur ki, ananın həyat tərzi süd ifrazına təsir edir. Uşaq əmizdirən ana sağlam həyat tərzi keçirməlidir və lazımınca dincəlməlidir. İşləyən analara doğuşdan sonra pullu məzuniyyət verilir. Uşaq əmizdirən ana imkan varsa doğuşdan sonra 2 həftə bütün gün dincəlməlidir. Bundan sonrakı 4 həftədə də ana çox dincəlməli, ancaq uşağın qayğısına qalmalı və heç bir ağır iş görməməlidir. Ana xəstə deyilsə, doğuşdan sonra 7-ci həftədən başlayıb ev işlərini görə bilər, lakin onda da ağır, üzücü iş görmək məsləhət görülmür. Həmçinin təmizliyə də böyük əhəmiyyət verməlidir.   Uşaq əmizdirən ana yaxşı yatmalıdır. Yuxunu elə təşkil etmək lazımdır ki, uşaq əmizdirən vaxt itirilmiş yuxunun əvəzi çıxsın. Hamiləlik, doğuş və uşaq əmizdirmək ananı əldən salır, buna görə də o, çox dincəlməlidir. Ana yorğun olduqda südü az olur.    Ana tez-tez təmiz havada olmalıdır (qışda 1-2 saat, yayda isə bundan çox). Müəyyən edilmişdir ki, günəş şüaları süd ifrazını artırır.    Əvvəllər yediyi və mədəsinə zərər yetirməyən şeyləri qəbul etməlidir. Anaya zərərli olmayan şey uşağa da zərərli deyildir. Uşaq əmizdirən ana istədiyi qədər yeyə bilər. Suyu azaltmaq olmaz, həmçinin çox içmək də olmaz. Çoxlu çiy və ya suda bişmiş tərəvəz və meyvə yeməlidir. Ana süd xoşlayırsa, gündə 1 l-ə qədər süd içə bilər, həmçinin süd məhsulları: qaymaq, kəsmik, pendir, kefir və s. də yeyə bilər.    İndi isə bu barədə İslam dininin göstərişlərinə baxaq. İlk öncə onu qeyd edək ki, Həzrət Məhəmməd Peyğəmbər (s) evlənməyin onun adətindən olduğunu və dünyaya çox uşaq gətirməyi buyurur: “Mən o biri ümmətlərə sizin çox olmağınızla fəxr edəcəyəm. Uşaqlarınızı zinakar, dəli qadınların südündən qoruyun ki, süd keçicidir.”   “Qurani-Kərim”də körpəyə süd vermə barədə deyilənlər isə müasir tibb elminin və həkim məsləhətlərinin ilk mənbəsi hesab etmək şübhəsizdir. “Bəqərə” surəsinin 233-cü ayəsində deyilir: “Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!”   İmam Baqir (ə) da buyurur ki, övladlarınıza süd vermək üçün gözəl və təmizkar qadın seçin: “Çünki süd keçiricidir. Çünki südün təsiri var və südəmər uşaqlar süd verən qadının əxlaqi xüsusiyyətləri ilə ünsiyyətdə olur və bu işlər onda son dərəcə təsir qoyur.”   Dünyaya uşaq gətirən qadının qidası barədə də Həzrət Peyğəmbər belə buyurub: “Mən dünyaya yenicə körpə gətirmiş qadın üçün yaş xurma kimi qida, xəstə üçün isə bal kimi dərman tanımıram. Qadın dünyaya uşaq gətirən gün yaş xurma yesə, uşaq çox helmli olar.”   Bu barədə “Məryəm” surəsinin 25-ci ayəsində də buyurulur: “Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə xurma tökülsün!”   Bəziləri yeni doğulmuş uşaqlara süni qidaların daha xeyirli olduğunu, onun vitaminlərlə zənginləşdirildiyini bildirirlər, hətta təəssüf ki, bunu bəzi həkimlər də deyir. Amma elm şəhərinin qapısı olan İmam Əli (ə) başqa cür buyurur: “Uşaq üçün anasının südündən bərəkətli süd yoxdur.”   Emilya Vaqifqızı